Qardabanidəki qəzada iki ailənin dörd övladı həlak olub – FACİƏNİN DETALLARI
Gürcüstanın Qardabani rayonunda 7 soydaşımızın öldüyü qəza ilə bağlı bəzi detallar məlum olub.
Xeber.ge xeber verir ki, hadisədə 2 ailədən dörd qardaş həlak olub. Belə ki, qəza nəticəsində Qardabaninin Birlik kəndinin sakinləri - Şamil və Kamil Əliyev qardaşları, eləcə də Xəlil və Sahir Cəlilov qardaşları dünyasını dəyişib. Digər sərnişinlərin isə qonşu Saqarexo rayonunun sakinləri olduğu qeyd edilir.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobil çox yüksək sürətlə hərəkət edib, sürücü idarəetməni itirib və maşın ağaca çırpıldıqdan sonra hissələrə ayrılıb. Bəzi sərnişinlərin zərbənin təsirindən avtomobildən kənara atıldığı bildirilir.
Kənd sakinləri qəzanın dəhşətli mənzərə yaratdığını, avtomobil qalıqlarının ətrafa səpələndiyini və maşının bir hissəsinin yandığını deyiblər.
Məktəb müəllimlərindən biri həyatını itirən qardaşlar barədə danışarkən bildirib ki, 19 yaşlı Kamil və 17 yaşlı Şamil valideynlərini erkən yaşda itirib, nənə və babalarının himayəsində böyüyüblər:
“Onlar çox tərbiyəli, sakit və zəhmətkeş uşaqlar idi. Şamil ofisiant işləyirdi, Kamil isə boksla məşğul olurdu. Kənddə hər kəs onları sevirdi”, — müəllim qeyd edib.
Hazırda hadisə yerində istintaq tədbirləri davam etdirilir. Ölənlərin meyitləri üzərində ekspertiza təyin olunub.