Qardabanidəki qəzada ölənlərin sayı 7-yə çatdı: Şahidlərin ifadələri-VİDEO
Gürcüstanın Qardabani bələdiyyəsinin Birlik kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüatlar məlum olub.
Xeber.ge xəbər verir ki, qəza nəticəsində həyatını itirənlərin sayı 7 nəfərə yüksəlib.
Şahidlərin bildirdiyinə görə, avtomobil təxminən 240 km/saat sürətlə hərəkət edib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi bir neçə dəfə dövrə vurduqdan sonra ağaca çırpılıb və dərhal alışıb.
Ölənlər arasında 18 yaşlı gənclərin olduğu bildirilir. Məlumata görə, gənclər Kaxeti bölgəsindən, dostlarının ad günündən qayıdırmışlar.
Hadisə zamanı bir qadın piyadanın da həyatını itirdiyi iddia edilir.
Yerli sakinlərin sözlərinə görə, hadisə yerindən bir nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hazırda daha bir yaralının vəziyyətinin son dərəcə ağır olduğu bildirilir.
Faktla bağlı rəsmi araşdırma başlanılıb. Hadisə yerində polis və ekspert-kriminalistlər işlərini davam etdirirlər.