Qərb Gürcüstanda yeni “Maydan”a hazırlıq görür

Oct 23, 2024 - 15:20
 0  46
Qərb Gürcüstanda yeni “Maydan”a hazırlıq görür

Aydın məsələdir ki, bu seçkilərdə (26 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkiləri – red.) Qərblə Rusiya arasında Gürcüstan uğrunda qızğın mübarizə baş verəcək.

Bu sözləri  politoloq Turab Rzayev Gürcüstanda seçkilərdən sonra baş verə biləcək vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan uğrunda Qərb və Rusiya toqquşması ölkə üçün müsbət nəticələr vəd etmir:

“İndiki hakimiyyət daha çox Rusiya və Çinlə iqtisadi-siyasi yaxınlaşmaya doğru gedir. Müxalifət və ictimai sektor deyə biləcəyimiz təbəqə isə Qərbə doğru istiqamət götürüb, Rusiyadan uzaqlaşmağa çalışır. Bu isə həm ölkə daxilində parçalanmaya səbəb olub, həm də hakimiyyət daxilində ciddi fikir ayrılığı yaradıb. İndi Gürcüstanın fərqli istiqamət alması Qərbin ciddi qəraralar verməsinə səbəb olub. ABŞ Gürcüstana qarşı sanksiyalar tətbiq edib, Britaniya iqtisadi layihələri dayandırmaq qərarı verib. AB bundan əvvəl hərbi və maliyyə yardımlarını kəsdiyini bildirdi. Təzyiq vasitəsi olaraq bu kimi sərt addımların davamı yenə olacaq”.

Politoloq qeyd edib ki, Qərb Gürcüstanda üstünlüyü ələ almaq üçün hərtərəfli səfərbər olacaq ki, bu da yeni Maydan hərəkatından xəbər verir:

“Seçkilərdə Qərb müxalifətə və indiki hakimiyyətə müxalif olan vətəndaş cəmiyyətinin nümayəndələrinə kifayət qədər dəstək olacaq. Hətta hadisələrin Ukrayna, yeni bir Maydan istiqamətində irəliləməsi də gözləniləndir. Gürcüstanda yeni etiraz aksiyaları, hakimiyyətin ələ keçirilməsinə cəhd ola bilər. İstənilən halda artıq Gürcüstanda Qərblə, xüsusilə ABŞ-la Rusiya arasında 2008-ci ildən formalaşmış status-kvonun, yəni centlmen sazişinin pozulacağı dəqiq bəllidir. Bu vaxta kimi həm Qərb, həm də Rusiya Gürüstanda özlərinə yaxın qüvvələrin paralel şəkildə fəaliyyətinə şərait yaradırdılar, lakin indi konkret mövqe seçimi tələb olunur”.