Psixiatriya xəstəxanasından yeni çıxan şəxs qonşusunu qətlə yetirdi
Tbilisidə qonşu qadını atasının gözü qarşısında vəhşicəsinə qətlə yetirməkdə ittiham olunan 35 yaşlı şəxsin saxlanılmasından sonra hadisənin şok təfərrüatları üzə çıxıb.
Xeber.ge xeber verir ki,
Yerli sakinlərin verdiyi məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs ağır psixi problemlərdən əziyyət çəkirmiş. Məlum olub ki, A. Darcaniya əvvəllər də ağır cinayət törətdiyi üçün mühakimə olunub, lakin ekspertiza onun anlaqsız olduğunu müəyyən etdiyi üçün o, Xoni psixi sağlamlıq müəssisəsinə yerləşdirilib. Sakinlərin iddiasına görə, o, cəmi bir neçə həftə əvvəl həmin müəssisədən buraxılıb.
Qonşular bildirirlər ki, təqsirləndirilən şəxs ətrafdakılar üçün daimi təhlükə mənbəyi olub və sakinlərin tələbi ilə dəfələrlə məcburi müalicəyə göndərilsə də, hər dəfə qısa müddətdən sonra evə buraxılıb.
Dünən gecə bir neçə saat ərzində gizlənən Amiran Darcaniya polis tərəfindən saxlanılıb. Vəkili ilə söhbəti zamanı o, qadının məhz onun vurduğu zərbədən öldüyünə inanmadığını deyib. Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə istintaq davam edir.