Narkotik cinayəti ittihamı ilə Tbilisidə 6 nəfər saxlanılıb – onlardan biri azyaşlıdır

Tbilisidə müxtəlif vaxtlarda keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində narkotik cinayəti ittihamı ilə 6 nəfər saxlanılıb, bir azyaşlı isə ifşa edilib – bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Cinayətlər 20 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
“Böyük və xüsusilə böyük miqdarda narkotik vasitəni qanunsuz əldəetmə və saxlama, həmçinin böyük miqdarda marixuananın qanunsuz satışına şərait yaratma ittihamı ilə saxlanılanlar: 2001-ci il təvəllüdlü Ç.A., 2003-cü il təvəllüdlü D.Ş., əvvəllər məhkum olunmuş 2002-ci il təvəllüdlü N.Ts., xarici ölkə vətəndaşları 2001-ci il təvəllüdlü O.A., 2000-ci il təvəllüdlü E.B. və 2003-cü il təvəllüdlü K.E., ifşa edilən isə 2008-ci il təvəllüdlü D.K.-dır.
Hüquq-mühafizə orqanları saxlanılanların şəxsi və yaşayış evlərində axtarış apararkən, həmçinin istintaq eksperimenti zamanı onların göstərdiyi yerlərdən sübut kimi satış üçün hazırlanmış narkotik vasitə alfa-PVP, qurudulmuş marixuana, metadon və suboteks götürüblər”, – qurumun məlumatında deyilir.
Məlumata əsasən, istintaq tədbirləri nəticəsində polis həmçinin narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materialları, yapışqan lentləri və polietilen torbaları götürüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260 və 260-cu maddənin “kvarta” bəndi ilə aparılır.
mənbə: marneulifm