Məhkəmə vicdan məhbusu Tedo Abramova bəraət verdi
Tbilisi Şəhər Məhkəməsi vicdan məhbusu kimi tanınan 22 yaşlı Tedo Abramovu bəraət qazandıraraq məhkəmə zalından azad edib.
Bəraət qərarını hakim Tamar Mçedlişvili bir neçə dəqiqə əvvəl elan edib.
Hakim qeyd edib ki, polis əməkdaşlarının ifadələri təkbaşına etibarlı hesab edilə bilməz və istintaq zamanı videoçəkiliş aparıla, eləcə də işə neytral şahid cəlb edilə bilərdi ki, bu da işi şübhəsiz edər və axtarış prosesinə inam yaradar.
Abramov azadlığa çıxarkən həbsdə olan digər vicdan məhbuslarına müraciət edərək, “Qalib gələcəyik! Heç kim təslim olmayacaq! Bir nəfər də artıq olacağıq, hamımız azadlığa çıxana və başladığımız işi birlikdə tamamlayana qədər mübarizəni davam etdirəcəyik. Günahsız gənclər, sizə də gözlənilmədən azadlığa çıxmağınızı arzulayıram. Biz sizi xilas edəcəyik və hamıya kömək edəcəyik” – deyib.
O, məhkəmə zalında hökm elan edilən anı belə xatırladıb: “Hakimi eşitmirdim, sanki diqqətim yayınmışdı. Xalqın qışqırığı məni ayıltdı. Çoxlu günahsız insan həbsdədir, ilk növbədə bu vəziyyəti düzəltməliyik. Burada olan hər kəs yadında saxlasın – siz bir nəfər də artıq olursunuz. Mən də sizinləyəm və çox xoşbəxtəm.”
Tedo Abramov 7 dekabrda saxlanılmışdı. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı bəndi ilə – xüsusilə böyük miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması ittihamı irəli sürülmüşdü. Bu maddə 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Abramov və müdafiəçiləri ittihamları qurama adlandıraraq, narkotik maddələrin ona qəsdən yerləşdirildiyini bildiriblər.
mənbə: interpress