Gürcüstan BƏƏ ilə iqtisadi və mədəni əməkdaşlığı genişləndirəcək

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində xarici işlər naziri Maka Boçorişvili Birləşmiş Ərəb Əmirliklərinin vitse-premyeri və xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al-Nahyan ilə görüşüb.
Görüş zamanı nazirlər məmnuniyyətlə qeyd ediblər ki, ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli formatlarda intensiv şəkildə inkişaf edir.
Yüksək səviyyəli səfərlərin qarşılıqlı mübadiləsi müsbət qiymətləndirilib. Xüsusilə, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al-Nahyanın Gürcüstana səfəri vurğulanıb. Həmin səfər çərçivəsində BƏƏ tərəfinin Gürcüstanda genişmiqyaslı investisiya layihələrinin həyata keçirilməsinə və müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırlığı ifadə olunub.
Nazirlər investisiya sahəsində əməkdaşlıq, ölkələr arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi və Orta Dəhlizin əhəmiyyəti barədə danışıblar. Bu baxımdan Gürcüstanın strateji mövqeyi, cəlbedici investisiya mühiti və biznes üçün əlverişli şəraiti diqqətə çatdırılıb.
Nazirlər bir daha iki ölkə arasında səmərəli əməkdaşlığın davam etdirilməsi və daha da fəallaşdırılması barədə hazırlıqlarını təsdiqləyiblər.
Məlumatı Xarici İşlər Nazirliyi yayıb.