Kutaisidə yaşayış binasında partlayış olub, bir qadın xəsarət alıb- Video
Kutaisidə yaşayış binasında baş verən partlayış nəticəsində orta yaşlı qadın xəsarət alıb.
XEBER.GE xeber verir ki, məlumata görə, qadın partlayışın baş verdiyi mənzildə, binanın beşinci mərtəbəsində yaşayırmış.
Bir qədər əvvəl hadisə yerinə Kutaisi meri David Eremeişvili gəlib. Onun sözlərinə görə, tək yaşayan qadın mənzildə qaz sobasını yandırmağa çalışarkən partlayış baş verib. Qadın tibb müəssisəsinə aparılıb və müayinədən keçirilir.
“Çavçavadze küçəsi, 50 ünvanında bu səhər qaz sızması baş verib. İlkin ehtimala görə, bu, partlayışa səbəb olub. Binanın məhz partlayışın baş verdiyi beşinci mərtəbəsi zədələnib. Həmin binada yaşayan tək qadın tibb müəssisəsinə aparılıb, müayinədən keçirilir və onunla əlaqə saxlamaq mümkündür.
Qadının verdiyi məlumata görə, qaz sobasını yandırmağa çalışarkən partlayış baş verib.
Hazırda hadisə yerində qaz şirkətinin əməkdaşları işləyir.
Bir qədər sonra Samxarauli Bürosunun nümayəndəsi də gələcək və hadisənin səbəbləri təsdiqlənəcək. Bundan sonra neçə ailənin binadan təxliyə edilməli olduğunu dəqiqləşdirəcəyik. Hazırda təxminən 15 ailənin köçürülməsinin lazım olacağını düşünürük. Onlar üçün artıq otellər müəyyən etmişik”, – deyə mer bildirib.
Hadisə şahidləri də baş verənləri danışıblar.
“Divarlar gurultu ilə tökülməyə başladı. Nə baş verdiyini anlamağa belə macal tapmadım”, – deyə şahidlərdən biri bildirib.
“Yəqin ki, saat 12:05 radələri idi. Maşını aşağıda saxlayıb evə qalxdım. Birdən bütün bina silkələndi, güclü partlayış səsi eşidildi. Pəncərədən baxan kimi bu mənzərə ilə qarşılaşdım”, – deyə digər sakin bildirib.
Xatırladaq ki, Kutaisinin Avtomobil Zavodu yaşayış massivində partlayış baş verib. Hadisə barədə məlumatı ilk olaraq sosial şəbəkədə bir vətəndaş paylaşıb və paylaşımına hadisə yerindən fotoşəkil əlavə edib.
Hazırda ərazidə müvafiq xidmətlərin əməkdaşları işləyir.
Hadisə yeri sarı lentlə əhatəyə alınıb.