Kutaisidə silahlı basqın: Keçmiş məhkum tanışına hücum edib
Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları quldurluq törətməkdə ittiham olunan şəxsi saxlayıblar. Saxlanılan şəxsin əvvəllər məhkum olunduğu və hazırda şərti cəza çəkdiyi bildirilir.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Kutaisi sakini olan tanışı, 1983-cü il təvəllüdlü N.E.-yə qarşı soyuq silahla hücum edib. O, bıçaq nümayiş etdirərək və öldürməklə hədələyərək zərərçəkmişdən pul və qızıl zinət əşyaları tələb edib.
Hadisə yerinə çağırış əsasında gələn hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı zərərsizləşdirməyə çalışarkən o, polisə də bıçaqla müqavimət göstərib. Lakin keçirilmiş çevik əməliyyat-axtarış tədbirləri nəticəsində A.X. "isti izlərlə" saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 179-cu (Quldurluq) və 353-cü (Polisə və ya digər hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanılıb.
Sözügedən maddələr üzrə təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.