İrakli Kobaxidze Qurban bayramı münasibətilə Tbilisi cümə məscidində olub

Jun 6, 2025 - 22:10
 0  24
İrakli Kobaxidze Qurban bayramı münasibətilə Tbilisi cümə məscidində olub

Bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze Qurban bayramı münasibətilə müsəlman din xadimlərini, icma üzvlərini və İslam ölkələrinin səfirlərini təbrik edib.

Bu barədə məlumatı Dini Məsələlər üzrə Dövlət Agentliyi yayıb.

Bayram münasibətilə baş nazir Dini Məsələlər Agentliyinin rəhbəri ilə birgə Tbilisidəki Cümə məscidini ziyarət edib. O, çıxışında ölkənin inkişafında müsəlman icmasının vacib rolunu vurğulayıb və onların maraqlarına yönəlmiş dövlət dəstəyinin gələcəkdə də davam etdiriləcəyini bildirib:

“Gürcüstan həm milli, həm də dini müxtəlifliyi ilə fəxr edir. Aramızda formalaşmış dostluq və münasibətlər bizim üçün çox dəyərlidir. Gürcüstan dövləti müsəlman icmasının maraqlarına daim qayğı göstərib və bu qayğı davam edəcək. Siz ölkənin inkişafına böyük töhfə verirsiniz və bunun üçün sizə təşəkkür edirəm,” – deyə Kobaxidze bəyan edib.

Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşaqmadze də çıxış edərək, dövlətin dini siyasəti və müsəlman icmasına göstərilən dəstək barədə danışıb və bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

Cümə məscidində keçirilən tədbirdə çıxış edənlər arasında Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Faiq Nabiyev, Qərbi Gürcüstanın müftisi Adam Şantadze və Şərqi Gürcüstanın müftisi Etibar Eminov da olub.

Tədbirdə din xadimləri, icma üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

mənbə: interpress