İrakli Kobaxidze: “Mamuka Mdinaradze daha yüksək posta təyin edilib”
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətdəki son kadr dəyişiklikləri və Mamuka Mdinaradzenin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsindən azad edilərək yeni yaradılmış struktura rəhbər təyin olunmasına münasibət bildirib.
Baş nazir Mdinaradzenin yeni vəzifəsinin - Hüquq-mühafizə Orqanlarının Koordinasiyası üzrə Dövlət Naziri postunun status baxımından DTX rəhbərliyindən daha yüksək olduğunu vurğulayıb.
Xeber.ge xəbər verir ki,
Baş nazir Mdinaradzenin DTX-dəki qısamüddətli fəaliyyətini yüksək qiymətləndirərək, ona verilən general-mayor rütbəsinin tam layiq olduğunu bildirib:
"O, bu xidmətdə təxminən yarım il fəaliyyət göstərsə də, həm sistemin yenilənməsi, həm də korrupsiya faktlarının qarşısının alınması istiqamətində fundamental nailiyyətlər əldə edib. Bu rütbə onun gələcək fəaliyyətində, xüsusən də Dövlət Naziri və Baş nazirin müavini kimi nüfuzunu daha da gücləndirəcək".
Kobaxidze Mdinaradzeni özünə rəqib görüb-görməməsi ilə bağlı suala qətiyyətlə cavab verib: "Aramızda heç bir rəqabət yoxdur, olmayıb və olmayacaq".
Məlumat üçün bildirək ki, Mamuka Mdinaradze yeni vəzifəsində həm Dövlət Naziri, həm də Baş nazirin müavini (vitse-premyer) statusunda dövlət əhəmiyyətli qərarların qəbulu prosesində xüsusi rol oynayacaq.