"Hökumətin biganəliyi və məsuliyyətsizliyi nəticəsində vətəndaşlarımız həyatını itirir"

Jul 15, 2025 - 12:14
 0  39
"Hökumətin biganəliyi və məsuliyyətsizliyi nəticəsində vətəndaşlarımız həyatını itirir"

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili sosial şəbəkədə paylaşım edərək Tbilisidə, “Sadguris Moedani” yaxınlığında yerləşən yaşayış binasının uçması nəticəsində baş verən faciəyə münasibət bildirib.

Hadisə zamanı iki nəfər həyatını itirib, bir nəfər isə yaralanıb.

Zurabişvili qeyd edib ki, bu faciə yalnız şəxsi itki deyil, paytaxtdakı sistemli problemin nəticəsidir və qəzalı binalar faktiki olaraq bütün tarixi məhəllələrdə mövcuddur. Onun sözlərinə görə, hökumətin və bələdiyyənin biganəliyi və məsuliyyətsizliyi vətəndaşların həyatını təhlükə altına qoyur.

“Bu gün baş verən faciənin nəticəsində ailə üzvünü, yaxınını və dostunu itirən insanlara təsəlli vermək çətindir. Onlara başsağlığı verir və bu ağır anlarda onların yanındayam.

Lakin bu faciə yalnız şəxsi bir faciə deyil – bu, paytaxtımızdakı sistemli problemin – qəzalı binaların – bir hissəsidir və bu məsələyə görə tam məsuliyyət Tbilisi meriyasının üzərinə düşür.

Bu gün bu problem demək olar ki, şəhərin bütün tarixi məhəllələrində mövcuddur. Vətəndaşlarımız qəzalı binalarda yaşayır, onların həyatı və sağlamlığı təhlükə altındadır. Lakin bu məsələyə tam biganəlik nümayiş etdirənlər məhz bu problemlə gündəlik və fasiləsiz məşğul olmalı olanlardır.

Nə preventiv tədbirlər görürük, nə də sistemli yanaşma və plan. Əgər belə bir plan mövcuddursa da, o sadəcə kağız üzərindədir və əhalinin problemlərinin həllinə xidmət etmir.

Hökumətin biganəliyi və məsuliyyətsizliyi nəticəsində vətəndaşlarımız həyatını itirir. Halbuki onların təhlükəsizliyinin qorunması hökumətin birinci vəzifəsidir – hökumət isə yalnız siyasi rəqiblərin təqibi və öz hakimiyyətini qorumaqla məşğuldur,” – deyə Salome Zurabişvili bildirib.

mənbə: interpress