Gürcüstanın sabiq müdafiə naziri hakimiyyəti devirməyə çağırışlara görə 2,5 il həbs cəzası alıb
Məhkəmə Gürcüstanın sabiq müdafiə naziri Baço Axalayanı ölkədə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə dair açıq çağırışlara görə 2,5 il müddətinə azadlıqdan məhrum edib.
Bu barədə "Interpressnews" nəşri məlumat yayıb.
Bu ittiham üzrə maksimum həbs cəzası 3 ildir. Keçmiş siyasətçi məhkəmə qərarının elan edilməsində iştirak etməyib.
B.Axalaya 2025-ci ilin dekabrının sonlarında həmin ilin oktyabrında ölkə Prezidentinin administrasiyasına hücum işi üzrə saxlanılıb. O özü həmin etiraz aksiyasında iştirak etməyib, lakin Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin iddiasına görə, "basqının təşkilatçıları ilə telefonla sıx ünsiyyətdə olub" və onların hərəkətlərini əlaqələndirib.
Fevralın 16-da bu iş üzrə keçirilən iclas zamanı B.Axalaya bildirib ki, Gürcüstanda hakim "Gürcü arzusu" partiyasının sədri Bidzina İvanişvili və onun hakimiyyəti devrilməlidir. Bundan sonra ona qarşı hakimiyyəti devirməyə çağırışlar etmək ittihamı irəli sürülüb. Vəkillər israr edirdilər ki, B.İvanişvili heç bir rəsmi vəzifə tutmadığı üçün bu sözlər hakimiyyəti devirməyə və ya konstitusiya quruluşunu dəyişdirməyə çağırış kimi qiymətləndirilə bilməz.
menbə: report