Gürcüstanda səhralaşma təhlükəsi varmı ?

Aug 14, 2025 - 11:05
 0  25
Gürcüstanda səhralaşma təhlükəsi varmı ?

Elm adamlarının araşdırmalarına görə, hazırkı isti yay hava şəraiti Qafqaz üçün tarixi baxımdan unikal deyil. Orta əsrlərdə Avropa və Asiyanın böyük hissəsində qısa müddətli iqlim istiləşməsi baş verib. Həmin dövrdə Qafqaz dağlarında qarın əriməsi nəticəsində, bu gün buzlaqların yerləşdiyi yüksəkliklərdə belə məbədlər inşa olunub. Məhz o zaman Gürcüstanın “qızıl dövr” adlanan iqtisadi çiçəklənmə mərhələsi yaşanıb və inkişafın əsas dayaqlarından biri geniş suvarma sistemi olub. O dövrdə salınan məşhur “Tamar kanalları”nın qalıqları bu gün də mövcuddur.

Texnika elmləri doktoru Maya Kupravişvilinin sözlərinə görə, Gürcüstanda suvarma ənənələri yalnız Kraliça Tamar dövrünə aid deyil. Qədim yunan tarixçisi Strabon birinci əsrdə yazırdı ki, “Gürcüstan çaylar və sularla Babil və Misirdən daha çox təmin olunub”. Alim bildirir ki, orta əsrlərdə böyük monastırların əksəriyyətində su keramika borular vasitəsilə uzaq məsafələrdən gətirilirdi.

Kupravişvili qeyd edib ki, o dövrdə suvarma yalnız təbii axın üsulu ilə təşkil olunurdu, yolboyu isə xüsusi keramika su anbarları quraşdırılırdı. Bunun üçün yüksək dəqiqlikli riyazi hesablamalar aparılırdı. Məsələn, Tamar dövründə Kürün qolu olan Araqvi çayından başlayaraq 20 kilometrlik kanal çəkilərək Qardabani düzənliyi, Saquramo, Avçala və Tbilisinin yuxarı əkin sahələri su ilə təmin olunurdu. Kraliçanın göstərişi ilə 119 kilometrlik Alazani, Tirifoni, Ruis–Urbnisi kanalları da inşa edilmişdi.

Mütəxəssis hesab edir ki, Qərbi Gürcüstanda indiyədək suvarmaya ehtiyac az görünsə də, hazırkı iqlim şəraiti bu bölgədə də torpaqların qurumasına səbəb olur. Buna görə də ölkənin qədim suvarma təcrübəsindən yararlanaraq yeni kanalların çəkilməsi, mövcud sistemlərin bərpası vacibdir.

mənbə: interpress