“Gürcüstanda repressiyalar təkcə siyasi deyil, həm də maliyyə xarakteri daşıyır”

Mar 25, 2025 - 16:37
 0  34
“Gürcüstanda repressiyalar təkcə siyasi deyil, həm də maliyyə xarakteri daşıyır”

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Litva parlamentində çıxışı zamanı ölkədə siyasi və maliyyə repressiyalarının gücləndiyini bəyan edib.

Onun sözlərinə görə, bu məqsədlə “yeni drakonik qanunlar” qəbul edilib.

“Dinc etiraz aksiyalarının iştirakçıları böyük məbləğdə cərimələrlə üzləşirlər – bu məbləğ 5000 lari və ya təxminən 1800 dollar təşkil edir. Halbuki ölkədə minimum əməkhaqqı 200 lari, orta maaş isə təxminən 1500 lari səviyyəsindədir.”

Zurabişvili əlavə edib ki, Rustaveli prospektini hər keçən şəxs cərimələnə bilər və bu, bəzi insanlar üçün beş, yeddi və ya hətta onqat cərimə ödənişi ilə nəticələnir. O bildirib ki, bu qanunlar aktivistlər və onların ailələrini maliyyə cəhətdən zəiflətmək məqsədilə xüsusi olaraq hazırlanıb.

“Etirazçılara dəstək üçün yaradılan həmrəylik fondları dondurulub, hakimiyyət isə siyasi cəhətdən aktiv şəxslərin maliyyə mənbələrinə tam nəzarət edir. Müxalifət liderləri, aktivistlər və hətta adi vətəndaşlar, əgər öz fikirlərini açıq şəkildə bildirirlərsə, qeyri-müəyyən və siyasi motivli ittihamlarla həbs oluna bilərlər.”

Zurabişvilinin sözlərinə görə, xarici maliyyə dəstəyi alan qeyri-hökumət təşkilatları, media və vətəndaş cəmiyyəti qurumları ciddi məhdudiyyətlərlə üzləşir.

“Rusiyada olduğu kimi, Putin rejiminin məşhur “xarici agentlər haqqında” qanunu daha da sərtləşdirilir. Hakimiyyət bunu “Amerikan modeli” kimi təqdim edir, amma siz də anlayırsınız ki, bunun Amerika modeli ilə heç bir əlaqəsi yoxdur.”

O əlavə edib ki, bu qanun təkcə QHT-lər üçün deyil, həm də kiçik biznes, regional və mərkəzi media üçün xarici maliyyə mənbələrini bağlamağı nəzərdə tutur.

“Onlar getdikcə artan təzyiqlərlə üzləşirlər və tənqidi informasiya yaymaq imkanları məhdudlaşdırılır.”

Zurabişvili həmçinin qeyd edib ki, hakimiyyət qorxu mühiti yaratmağa çalışır və insanları hər şeyin dövlət tərəfindən tam nəzarət altında olduğuna inandırmaq istəyir.

"Bu, xüsusilə ictimai yerlərdə müşahidə kameralarının sayının kəskin artması ilə görünür. Süni intellektdən istifadə edərək etirazçıların *üz tanıma texnologiyası vasitəsilə identifikasiyası aparılır və onların üzərində repressiyalar həyata keçirilir.”

Zurabişvilinin çıxışı Gürcüstanda siyasi vəziyyətin daha da gərginləşdiyini və hakimiyyətin etirazçılara qarşı sərt tədbirlər gördüyünü göstərir.