Daxili İşlər Nazirliyi Kvemo Kartlidə narkotik cinayəti ittihamı ilə üç nəfəri həbs edib

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Kvemo Kartli Polis Departamentinin Tetritskaro rayon Şöbəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 3 nəfəri həbs edib. Onlardan ikisi 1982-ci il təvəllüdlü V.A. və 1968-ci il təvəllüdlü İ. Q. narkotik, psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması və satılması ittihamı ilə saxlanılıb. 1990-cı il təvəllüdlü S.Ş. isə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək və saxlamaqda ittiham olunur.
“İstintaqla müəyyən edilib ki, V.A. və İ.Q. vətəndaşlara narkotik vasitələr satıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları hakimin hökmü əsasında təqsirləndirilən şəxslərdən bir neçə dəfə nəzarətli narkotik vasitələrin alışını həyata keçirib və bu alışları gizli şəkildə audio-video lentə alıblar.
Polis Kvemo Poniçalada həbs edilən narkotik alverçilərinin evlərində və yardımçı tikililərində aparılan axtarışlar nəticəsində dəlil kimi narkotik vasitələrdən “heroin”, “marixuana”, satış üçün qablaşdırılan “preqabalin” psixotrop maddə, narkotik vasitələrin satışından əldə edildiyi iddia edilən pulları götürüb. S.Ş.-nın şəxsi axtarışı nəticəsində narkotik vasitə olan “Metadon” götürülüb”, – bu barədə Daxili İşlər Nazirliyinin martın 21-də yaydığı məlumatda bildirilir .
Faktla bağlı Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü və 5-ci hissələri, 261-ci maddəsinin 3-cü və 6-cı hissələri, 273-cü maddəsinin 5-ci hissəsi ilə araşdırmalara başlanılıb. Cinayət 17 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalanadırılır.
mənbə: marneulifm