Gürcüstanda "Oğru dünyası"na qarşı kütləvi həbslər
Gürcüstanda "oğru dünyası" ilə əlaqədə ittiham olunan şəxslərin məhkəmə prosesi başa çatıb.
Xeber.ge xeber verir ki,
Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə aralarında Tsulukidze qardaşları, "Duka", "Kalavera" və "Bagira" ləqəbli şəxslərin də olduğu 27 nəfər barəsində həbs qərarı çıxarılıb.
Eyni vaxtda Batumidə davam edən prosesdə isə 32 nəfər barəsində analoji qərar verilib. Yeganə istisna olaraq bir qadın müttəhim 7 000 lari məbləğində girov müqabilində azadlığa buraxılıb.
İstintaq materiallarına görə, saxlanılanlar "qanuni oğru"larla əlaqə yaradaraq milyonluq maliyyə mübahisələrini həll ediblər. İstintaqın əlində olan çoxsaylı audio və video yazılar sübut edir ki, bu "oğru hesablaşmaları" əsasən Türkiyə ərazisindən idarə olunub.
Cinayət iyerarxiyasının başında dayanan əsas fiqurlardan birinin "Babu" ləqəbli "qanuni oğru" Aslan Kobuladze olduğu bildirilir. Ona və digər 4 nüfuzlu şəxsə qarşı ittihamlar qiyabi olaraq irəli sürülüb.
Saxlanılan 72 nəfər arasında 3 qadın var. Onlardan biri, 40 yaşlı qadın "oğru dünyası"na müraciət etməkdə ittiham olunur. Lakin vəkili iddia edir ki, qadın əslində dələduzluq sxeminin qurbanıdır. Müdafiə tərəfinin bildirdiyinə görə, qadın maliyyə problemi ilə bağlı dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət etsə də, hüquq-mühafizə orqanları dələduzları tapmadığı üçün o, çarəsiz qalıb kriminal avtoritetlərə üz tutub.
Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilmir. Tsulukidze qardaşları isə öz həbsləri müqabilində digər bir neçə şəxsin azad edilməsini tələb ediblər.