Gürcüstan parlamenti qrantlarla bağlı dəyişiklikləri qəbul edib, hökumətdən icazə alınmalıdır

Mar 4, 2026 - 21:18
 0  19
Gürcüstan parlamenti qrantlarla bağlı dəyişiklikləri qəbul edib, hökumətdən icazə alınmalıdır

Gürcüstan parlamenti "Qrantlar haqqında" qanuna dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Plenar iclasda səsvermə nəticəsində qanun layihəsini 78 deputat dəstəkləyib, 9 deputat isə əleyhinə səs verib.

Qəbul edilən dəyişikliklərə əsasən, qanunda göstərilən subyekt tərəfindən nağd və ya natura şəklində ayrılan vəsaitlər qrant hesab olunacaq və bu vəsaitlər Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya ictimai rəyə təsir göstərə biləcək fəaliyyətlər üçün istifadə olunduğu halda xüsusi nəzarət mexanizminə tabe olacaq.

Sənəddə vurğulanır ki, daxili və ya xarici siyasətin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönəlmiş, eləcə də xarici dövlət və ya xarici siyasi partiyaların maraqları ilə əlaqəli fəaliyyətlər qrant mexanizmi çərçivəsində tənzimlənəcək.

Yeni qaydalara görə, xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər və ya onların Gürcüstandakı filial və nümayəndəlikləri qrant almadan əvvəl Gürcüstan hökumətindən müvafiq təsdiq almalıdırlar. Razılıq olmadan qrant qəbul edilməsi məsuliyyət yaradacaq. Bu halda inzibati məsuliyyət kimi alınmış vəsaitin ikiqat məbləğində cərimə tətbiq ediləcək. Gürcüstanda fəaliyyət göstərən fiziki və hüquqi şəxslər üçün isə cinayət məsuliyyəti nəzərdə tutulur.

Qanun qüvvəyə mindikdən sonra artıq qrant alan subyektlərə hökumətə müraciət etmək üçün bir ay vaxt veriləcək. Hökumət də bir ay ərzində təsdiq və ya imtina qərarı verməlidir. Təsdiq verilmədiyi halda qrant vəsaitindən istifadə dayandırılmalıdır, əks halda cinayət məsuliyyəti yarana bilər.

Qəbul edilən dəyişikliklər Gürcüstanda qrantların verilməsi və istifadəsi mexanizminin daha sərt hüquqi çərçivəyə salınmasını, eyni zamanda dövlət quruluşuna qarşı yönəlmiş fəaliyyətlərə görə məsuliyyətin ağırlaşdırılmasını nəzərdə tutur.

mənbə: report