Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Sep 24, 2026 - 11:16
 0  15
Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır

Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməkdə maraqlıdır və təşkilatın bütün üzv dövlətləri ilə əməkdaşlığa hazırdır.

Bunu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ATƏT-ə üzv dövlətlərin nümayəndələri üçün təşkil olunan qəbulda bildirib.

M.Boçorişvili Gürcüstanın 2027-ci ildə ATƏT-ə sədrlik etmək üçün namizədliyini irəli sürdüyünü və bu istiqamətdə üzv dövlətlərin dəstəyinə ümid etdiyini qeyd edib.

Nazir Avropada təhlükəsizlik məsələlərinin ciddi təzyiqlərlə üzləşdiyini bildirərək, belə bir şəraitdə dialoq və əməkdaşlığın əhəmiyyətinin artdığını vurğulayıb. Onun sözlərinə görə, suverenliyə hörmət, dialoq, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquq və normalara riayət, eləcə də götürülmüş öhdəliklərin yerinə yetirilməsi təhlükəsizliyin əsasını təşkil edir.

M.Boçorişvili münaqişələrin sülh yolu ilə həlli üçün qətiyyət, səbir və siyasi iradənin vacibliyini də qeyd edib.

 mənbə: report