Gürcü Arzusu hakimiyyəti Borçalı türklərinə qarşı milli ayrı-seçkilik edir”

Siyasətçi Əhməd İmamquliyev öz sosial şəbəkə hesabında Gürcü Arzusu (41) hakimiyyətini Borçalı türklərinə qarşı diskriminasiya aparmaqda ittiham edib.
O, bu barədə Facebook sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Borçalı türklərinin kompakt yaşadığı Marneuli, Qardabani, Bolnisi və Dmanisi rayonlarında mer təyinatlarında ədalətsizlik müşahidə olunur.
İmamquliyev qeyd edib ki, yalnız Marneuli bələdiyyəsində mer Borçalı türkü olub, digər rayonlarda isə indiyədək heç vaxt türklərdən biri bu vəzifəyə gətirilməyib. O, müqayisə apararaq bildirib ki, ermənilərin kompakt yaşadığı Axalkalaki və Ninotsminda rayonlarında isə hər zaman merlər həmin icmadan seçilib.
Siyasətçi mer vəzifəsinin seçki yolu ilə müəyyənləşdirildiyi 2014-cü ildən etibarən Marneulidəki mer dəyişikliklərinin siyahısını təqdim edərək vurğulayıb ki, hər seçkidə yeni namizədlər irəli sürülür. Onun sözlərinə görə, Axalkalaki və Ninotsmindada isə köhnə merlər yenidən namizəd olur.
İmamquliyev sual edib: “Niyə bizim rayonlarda mer iki dəfə seçilə bilmir? Niyə Marneulidən başqa Qardabani, Bolnisi və Dmanisidə millətimizdən mer namizədi olmur? Bu, Gürcü Arzusu hakimiyyətinin bizə verdiyi hansı mesajdır?”
O, sonda Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzoyevə müraciət edərək bu məsələyə münasibət bildirməyə çağırıb.
mənbə: interpress