DTX-dən məxfi məlumat sızdıran polis əməkdaşı saxlanılıb

Apr 25, 2026 - 19:34
 0  10
DTX-dən məxfi məlumat sızdıran polis əməkdaşı saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi birgə xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində DTX-dən məxfi məlumatları qanunsuz yolla çıxarmaqda ittiham olunan şəxs yaxalanıb.

Xeber.ge xeber  verir ki, saxlanılan şəxs əvvəllər Dövlət Təhlükəsizlik Xidmətində çalışıb, hazırda isə Daxili İşlər Nazirliyinin aktiv əməkdaşıdır.

  Məlumata əsasən, həbs prosesi DTX-nin Baş Müfəttişliyi və DİN-in Baş Müfəttişliyi tərəfindən birgə həyata keçirilib.

Saxlanılan şəxs dövlət sirri təşkil edən və ya xidməti istifadə üçün nəzərdə tutulan məxfi məlumatları sistemdən kənara çıxarmaqda ittiham olunur.

  Dövlət Təhlükəsizlik Xidməti baş vermiş hadisə ilə bağlı xüsusi bəyanat yayaraq daxili təhlükəsizlik məsələlərində kompromissiz olacağını vurğulayıb:

"Dövlət Təhlükəsizlik Xidməti daxili məlumatların, hətta ən kiçik miqyasda belə sızdırılmasına qarşı hər zaman xüsusilə sərt və barışmaz olacaq.

Belə bir əməli törədən hər bir şəxs qanun qarşısında ən ağır şəkildə cəzalandırılacaq".

  Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 321-ci maddəsi (Dövlət sirrinin yayılması və ya məxfi məlumatın qanunsuz ötürülməsi) ilə istintaq davam etdirilir.

Hazırda məlumatların kimə və hansı məqsədlə ötürüldüyü, habelə cinayətdə digər şəxslərin iştirakı araşdırılır.