DİN: David və Giorgi Peikrişvililərin saxlanılması ilə bağlı açıqlama yayıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları iki ayrı cinayət işi üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində qrup halında törədilmiş zorakılıq və hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə üç nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, saxlanılanlar əvvəllər dəfələrlə məhkum olunmuş, 1986-cı il təvəllüdlü qardaşlar Giorgi və David Peikrişvililər, həmçinin 1983-cü il təvəllüdlü daha bir şəxsdir.
İstintaqla müəyyən edilib ki, Giorgi Peikrişvili vətəndaşı Tbilisidə yerləşən yaşayış evlərindən birinə aparıb və ondan qondarma “kriminal himayə” qarşılığında külli miqdarda pul ödəməyi tələb edib. Əks halda isə onu öldürməklə hədələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi Tbilisidə saxlayıblar.
İkinci cinayət işi üzrə aparılan istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, Tbilisidə şəxsi mübahisə zəminində David Peikrişvili və onun şəxsi mühafizəçisi gənc kişiyə qarşı qrup halında zorakılıq törədiblər.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları hər iki şəxsi saxlayıblar.
Faktlarla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 181-ci və 126-cı maddələri ilə aparılır.