Cabir İmanov vəfat edib

Sep 29, 2025 - 17:13
 0  20
Cabir İmanov vəfat edib

Azərbaycanın əməkdar artisti Cabir İmanov vəfat edib.

Bu barədə onun yaxınları məlumat verib.

Onun idman zalında məşq edərkən infarkt keçirərək öldüyü qeyd olunub.

TƏBİB-dən isə bildirilib ki, bu gün saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-ci il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub:

"Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib.

1992–2001-ci illərdə "Parni iz Baku" şən hazırcavablar klubunun üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə Şən Hazırcavablar Klubunun Yay Kubokunun sahibi və 2000-ci ildə Şən Hazırcavablar Klubu "Əsrin Çempionu" olub. 2001-ci ildən "Planet Parni iz Baku" Şən Hazırcavablar Klubu Teatrının aktyoru olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Ailəli idi, 4 övladı var.