Bu qəsdən edilmiş təxribatdır və məqsədi süni gərginlik yaratmaqdır

Sep 9, 2025 - 12:25
 0  20
Bu qəsdən edilmiş təxribatdır və məqsədi süni gərginlik yaratmaqdır

Tbilisi meri Kaxa Kaladze, seçki qərargahı qarşısında baş verən qarşıdurmaya münasibət bildirərək, bunun qəsdən edilmiş provokasiya olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu hadisənin məqsədi ölkədə süni gərginlik yaratmaqdır.

“Bu qəsdən edilmiş çox ağır bir təxribat idi və bu, ilk hal deyil. Bu insanların gündəlik fəaliyyətinə çevrilib – hücum etmək, təhqir etmək, söymək. Seçki kampaniyası gedir, bura seçki qərargahıdır. Biz heç kimə hücum etmirik, heç kimə mane olmuruq”, – deyə Kaladze bildirib.

Kaladze beynəlxalq təşkilatlara və Aİ səfirliyinə çağırış edərək ümid etdiyini bildirib ki, onlar baş verənlərlə bağlı müvafiq qiymət verəcəklər:

“Ümid edirəm ki, beynəlxalq təşkilatlar, o cümlədən Aİ səfirliyi və səfir, bizə hörmət edərək bu hadisəyə qiymət verəcək. Seçki kampaniyası zamanı qərargaha zorakı qrupun hücum etməsi, insanlara işə mane olması və təhqirlər etməsi qəbuledilməzdir.”

“Bu, məqsədli təxribatdır. Məqsəd süni gərginlik yaratmaqdır, çünki həmin 30 nəfərlik ‘akatsuki’ heç kimi maraqlandırmır, nə onların qışqırığı, nə də cırıltısı. Onlar zorakıdırlar və seçki qərargahının işinə qəsdən mane olurlar.”

Xatırladaq ki, Melikişvili prospektində, Kaxa Kaladzenin seçki qərargahı qarşısında etiraz aksiyası zamanı insident baş verib. Aksiya iştirakçılarının bildirdiyinə görə, onlara qarşı “Gürcü Arzusu” partiyasının gənclər qanadı tərəfindən fiziki güc tətbiq edilib. Qarşıdurma nəticəsində 10-dan çox aksiyaçı və media nümayəndəsi xəsarət alıb. İnsidentlə bağlı araşdırma aparılır.

mənbə: interpress