Bolnisidə 4 qeyri-qanuni süd istehsalı müəssisəsi aşkarlanıb

Jul 17, 2025 - 14:52
 0  23
Bolnisidə 4 qeyri-qanuni süd istehsalı müəssisəsi aşkarlanıb

Kvemo Kartli regional idarəsinin inspektorları Bolnisi bələdiyyəsində 4 qeyri-qanuni süd emalı müəssisəsi aşkar ediblər.

Bu barədə Gürcüstanın Qida Təhlükəsizliyi üzrə Milli Agentliyi məlumat yayıb. 

Agentliyin açıqlamasına əsasən, aşkarlanan müəssisələr iqtisadi fəaliyyətlərin reyestrində qeydiyyatdan keçmədən və Qida Agentliyinin müvafiq tanınması olmadan fəaliyyət göstərirdilər.

“Hazırda Gürcüstan üzrə süd və süd məhsulları istehsal edən 251 biznes operatoru qeydiyyata alınıb. İqtisadi fəaliyyətlərin reyestrinə daxil olmaq və Qida Agentliyindən müvafiq tanınma almaq o deməkdir ki, istehsal müvafiq standartlara uyğun həyata keçirilir.

Bununla belə, əsas çağırış qeydiyyatsız istehsal müəssisələridir. Belə halların müəyyən edilməsi məqsədilə Qida Agentliyi bazarlarda daimi nəzarət tədbirləri həyata keçirir”, – deyə agentliyin məlumatında qeyd olunur.

Məlumata görə, cari il ərzində süd və süd məhsulları istehsal edən müəssisələrdə 3600-dən çox dövlət nəzarət tədbiri həyata keçirilib. Onlardan 36-sı qeydiyyatsız müəssisə kimi müəyyən olunub.

Qanunvericiliyə uyğun olaraq sahibkarlar cərimələnib və onların istehsal prosesi dayandırılıb.

mənbə: interpress