Bolnisidə təbii fəlakət: Kənd təsərrüfatı tamamilə məhv oldu-VİDEO
Bolnisi bələdiyyəsində dəhşətli təbii fəlakət baş verib.
Güclü dolu və leysan yağışları nəticəsində üzüm bağları və əkin sahələri tamamilə məhv olub, evlərə və həyətlərə ciddi ziyan dəyib, ev quşları tələf olub.
Zərərçəkən yerli əhali təcili yardım tələb edir.
Xeber.ge xəbər verir ki, xüsusilə Disveli kəndində vəziyyət kritik həddə çatıb. Belə ki, bölgədə güclü dolu, külək və leysan təxminən yarım saat ərzində fasiləsiz davam edib.
Fəlakət zonasında qalan ailələr faktiki olaraq dolanışıq mənbəyindən məhrum olduqlarını bildirirlər.
Belə ki, onların yeganə gəlir yeri kənd təsərrüfatı olub.
Yerli sakinlərin iddialarına görə, hadisədən 24 saat keçməsinə baxmayaraq, rəsmi qurumlar hələ də onların problemləri ilə maraqlanmayıb.
"Xiyar, pomidor, çiyələk, göyərti, qarğıdalı və dənli bitkilər tamamilə məhv olub. Evlərin damı sındığından su otaqlara dolub.
Dövlət qurumlarından bura hələ heç kim gəlməyib, bu saata qədər heç bir reaksiya verilməyib. Otlaq sahələri də sıradan çıxıb.
Əhalinin qışı çıxarmaq üçün ümid bəslədiyi hər şey, demək olar ki, tamamilə məhv olub", - deyə kənd sakinləri fəlakətin miqyasını təsvir ediblər.