Birinci sinif şagirdlərinin qeydiyyatının üçüncü mərhələsi başlayır

May 14, 2026 - 19:42
 0  13
Birinci sinif şagirdlərinin qeydiyyatının üçüncü mərhələsi başlayır

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi 2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrində birinci sinfə qəbul üzrə üçüncü mərhələnin başladığını elan edib.

Xeber.ge xeber  verir ki, ərazi prinsipi əsasında aparılacaq qeydiyyat prosesi mayın 15-i saat 09:00-da start götürəcək.

Qeydiyyat mayın 15-dən 25-i saat 00:00-dək davam edəcək.

Qeydiyyat onlayn rejimdə Təhsil İdarəetmə İnformasiya Sisteminin rəsmi internet səhifəsində valideyn və ya qanuni nümayəndə tərəfindən həyata keçirilməlidir.

Ərazi prinsipi ilə qeydiyyat 12 pilot şəhərdə (Tbilisi, Batumi, Kutaisi, Rustavi, Zuqdidi, Ambrolauri, Ozurgeti, Axaltsixe, Qori, Msxeta, Telavi və Poti) aparılacaq.

Qeydiyyat 15 aprel 2026-cı il tarixinə Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin bazasında qeydə alınmış ünvanlara əsaslanır.

Elektron qeydiyyatdan keçmiş şagirdlərin məktəbə qəbulu üçün zəruri sənədlər 27 may – 12 iyun tarixləri arasında məktəblərə təqdim olunmalıdır.

Müəyyən edilmiş müddətdə sənədləri təqdim edilməyən uşaqların qeydiyyatı avtomatik olaraq ləğv ediləcək.

Tələb olunan sənədlər:

Qanuni nümayəndənin ərizəsi (yaşayış yeri və telefon nömrəsi qeyd olunmaqla).

Qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti.

Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti.

Qeyd: Xarici dildə olan sənədlər gürcü dilinə tərcümə olunmalı və qanunvericiliyə uyğun təsdiqlənməlidir.

Nazirlik valideynləri qeydiyyat müddəti və şərtləri ilə diqqətlə tanış olmağa, prosesi vaxtında tamamlamaya çağırıb.