ABŞ ilk dəfə BMT-də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləmədi
 
                                Birləşmiş Ştatlar 17 ildə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının bir neçə üzvünün Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən birgə bəyanatına qoşulmayıb.
Bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Avqustun 19-da BMT Təhlükəsizlik Şurası 2008-ci ilin avqustundakı "Beş günlük müharibə"nin ildönümünə həsr olunmuş illik iclasını keçirib. Həmişəki kimi iclas heç bir sənəd qəbul edilmədən başa çatıb.
Onun başa çatmasından sonra Təhlükəsizlik Şurasına üzv olan bir neçə ölkə birgə bəyanat yayaraq, Abxaziya və Cənubi Osetiyada rus qoşunlarının mövcudluğunu “qanunsuz işğal” adlandırıb və “Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü” dəstəkləyib.
Bəyanatı Böyük Britaniya, Fransa, Sloveniya, Danimarka və Yunanıstan imzalayıb. Amma ABŞ 2008-ci ildən bəri ilk dəfə Gürcüstanın ərazi bütövlüyü prinsipini dəstəkləməyib.
Vaşinqtonun bu mövqeyi Gürcüstanda kəskin reaksiyaya səbəb olub. Müxalifət hakim “Gürcü Arzusu” partiyasını bütün xarici siyasətini iflasa uğratmaqda və “əsas strateji müttəfiqi” – ABŞ-la münasibətləri pozmaqda ittiham edib.
mənbə: publika
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            