"BGMİ-nin nəzdində 50 Quran kursunda 700-dən çox tələbə təhsil alır"
Sep 26, 2025 - 14:03
0 52
"Gürcüstanda dini təhsilin inkişafı, Quran kurslarının təşkili və gənclərin maarifləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bütün Gürcüstan Müsəlmanları İdarəsi bu sahədə həm şəhərlərdə, həm də kəndlərdə geniş fəaliyyət göstərərək həm dini, həm də dünyəvi biliklərin gənc nəslə aşılanmasına xüsusi önəm verir".
Bu barədə24News.gexəbər portalının yeni tədris ili ilə bağlı suallarını cavablandıran Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev qeyd edib. O, dini təhsilin hazırkı vəziyyəti, görülən işlər və qarşıdakı planlar barədə ətraflı məlumat verdi.
Hacı, sizi xoş gördük. Ümumiyyətlə Gürcüstanda dini təhsilin bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?
"Əvvəla deməliyəm ki, dini təhsil bizim üçün çox həssas və strateji bir məsələdir. Gürcüstanda müsəlman icmasının şəhər və kəndlərdə maariflənməsi, gələcək nəsillərin düzgün dini biliklərə yiyələnməsi İdarəmizin əsas prioritetlərindəndir. Həm məscidlərdə, həm də mədrəsələrdə sistemli şəkildə dini dərslərin təşkili, gənclərin həm mənəvi, həm də əxlaqi tərbiyəsi üçün xüsusi proqramlarımız var. Xüsusilə Qurani-Kərim təlimlərinə diqqət ayırırıq. Həmçinin tələbələrimizə dünyəvi elmlərə də təşviq edirik. Çünki biz istəyirik ki, gənclər yalnız dini biliklərlə deyil, dünyəvi elmlərlə də inkişaf etsin, balanslı bir şəkildə yetişsinlər".
Qurani-Kərim təlimlərinə xüsusi diqqət göstərdiyinizi vurğuladınız. Bu sahədə konkret hansı işlər görülür?
"Qurani-Kərim təlimləri bizim fəaliyyətimizin əsas dayaqlarından biridir. Hazırda BGMİ-nin (Bütün Gürcüstan Müsəlmanlar İdarəsi) nəzdində 700 tələbə təhsil alır və ümumilikdə 50 Quran kursu fəaliyyət göstərir. Bu kurslar yalnız məscidlərdə və mədrəsələrdə deyil, eyni zamanda icarəyə götürdüyümüz bəzi məkanlarda da keçirilir. Məqsədimiz odur ki, hər bir bölgədə, hər bir kənddə və şəhərdə gənclərimiz Quranı düzgün oxumağı və onun məzmununu anlamağı öyrənsinlər. Bundan əlavə, bəzi dini məkanların təmirini də üzərimizə götürmüşük ki, orada kurslar daha müasir və rahat şəraitdə keçirilsin. Qeyd etmək ittəyirəm ki, bu tədrisi online olaraq da həyata keçiririk".
Tədrisin keyfiyyətinə necə nəzarət olunur?
"Bizim üçün yalnız kursların sayının artması kifayət deyil, əsas məsələ orada təhsilin səviyyəsidir. Bunun üçün mütəmadi olaraq Quran müsabiqələri təşkil edirik ki, tələbələr öz biliklərini sınasın və inkişaf etdirsinlər.Bu istiqamətdə seminarlar və təlimlər təşkil edirik. Həmçinin Quran Metodikasının təlimini də zaman-zaman reallaşdırırıq. Bu həm tələbələrin motivasiyasını artırır, həm də müəllimlərin daim öz üzərində işləməsinə təkan verir".
Müəllimlərə hansı növ dəstək verirsiniz?
"Müəllimlər bizim üçün əsas dayaqlardan biridir. Onların zəhməti müqəddəsdir və bunu dəyərləndirmək bizim borcumuzdur. Dini təlim və Qurani-Kərim müəllimlərinə aylıq maaş verilir. Bundan başqa, onların fəaliyyətini stimullaşdırmaq üçün zaman-zaman hədiyyələr təqdim etmişik. Bu həm müəllimlərin ruh yüksəkliyini artırır, həm də gələcəkdə daha keyfiyyətli iş ortaya qoymaları üçün motivasiya rolunu oynayır".
Bəs tələbələrin motivasiyası üçün hansı tədbirlər həyata keçirilir?
"Biz çalışırıq ki, tələbələrin yalnız dərs mühitində deyil, həyatın digər sahələrində də fəal və motivasiyalı olmaları üçün şərait yaradaq. Qurani-Kərim müsabiqələrinin qaliblərini ümrə ziyarətinə göndərmişik, həmçinin Kərbəla və Məşhəd kimi müqəddəs məkanlara da səfərlər təşkil etmişik. Bu onların həm dini baxımdan ruhlanmasına, həm də öz zəhmətlərinin qiymətləndirildiyini hiss etməsinə səbəb olur. Bundan əlavə, Tbilisidə müxtəlif ekskursiyalar və gəzintilər təşkil edirik ki, gənclərin vaxtı səmərəli keçsin. Onların dünyagörüşünün genişlənməsi, dini biliklərlə yanaşı dünyəvi baxışlarının da güclənməsi bizim üçün önəmlidir".
Yeni tədris ilində hansı yeniliklər gözlənilir?
"Ən böyük yeniliklərdən biri Marneulidəki İmam Rza Təhsil Mərkəzi ilə bağlıdır. Şükürlər olsun ki, yeni tədris ilində təhsil müəssisəsi artıq yeni binada fəaliyyətə başlayacaq. Bu bina daha müasir şəraitə malikdir, təhsil üçün bütün imkanlar yaradılıb. İnanıram ki, bu addım həm tələbələrin, həm də müəllimlərin fəaliyyətinə böyük təkan verəcək".
Sonda müsəlman icmasına hansı mesajı vermək istərdiniz?
"Mənim ən böyük arzum odur ki, Gürcüstanda yaşayan bütün müsəlman gənclər savadlı, əxlaqlı, vətəninə bağlı, həm dini, həm də dünyəvi elmlərdə güclü bir nəsil kimi yetişsinlər. Bizim gördüyümüz bütün işlər – Quran kursları, müsabiqələr, müəllimlərin dəstəklənməsi, yeni təhsil müəssisələrinin açılması – məhz bu məqsədə xidmət edir. İcma olaraq birlikdə çalışsaq, qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyimizə əminəm", - deyə Hacı Faiq Nəbiyev qeyd edib.