Batumidə mağazadan oğurluq edən iki yeniyetmə saxlanılıb-VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Batumi şəhər Polis İdarəsinin əməkdaşları qrup halında oğurluq etməkdə şübhəli bilinən iki yetkinlik yaşına çatmayan şəxsi saxlayıblar.
XEBER.GE xeber verir ki, istintaqla müəyyən edilib ki, yeniyetmələr əvvəlcədən razılaşaraq Batumidə yerləşən ərzaq mağazalarından birinə qanunsuz daxil olub, satış üçün nəzərdə tutulan məhsulları oğurlayaraq hadisə yerindən qaçıblar.
Polis əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin şəxsiyyətini müəyyən edib və hər ikisini saxlayıb. Oğurlanmış məhsullar maddi sübut kimi götürülüb.
Mağazanın müşahidə kameralarının görüntüləri də əldə edilib. Həmin görüntülər yeniyetmələrin cinayət əməlini təsdiqləyir.
Məlumata görə, saxlanılanlar Batumidə müxtəlif vaxtlarda baş vermiş daha bir neçə oğurluq hadisəsində də şübhəli bilinirlər.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci və üçüncü hissələri ilə istintaq aparılır. Həmin maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.