Batumi və Tbilisidə qeydiyyatsız valyuta mübadiləsi aparan 3 nəfər saxlanılıb

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, qanunsuz sahibkarlıq fəaliyyəti faktı üzrə bir Azərbaycan vətəndaşı – F.G. və Belarus Respublikasının iki vətəndaşı – A.P. və A.V. saxlanılıb.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxslər maddi qazanc əldə etmək məqsədilə Gürcüstan Milli Bankında məcburi qeydiyyatdan keçmədən, Tbilisi və Batumidə yerləşən obyektlərdə müxtəlif konvertasiya olunan virtual aktivlərin mübadiləsini həyata keçirirdilər. Bu əməliyyatlar nəticəsində onlar konvertasiya olunmuş aktivlərdən komissiya formasında böyük məbləğdə gəlir əldə ediblər.
İstintaq Xidmətinin açıqlamasına görə, aparılan əməliyyat tədbirləri zamanı 246 975 ABŞ dolları, 103 210 lari, 1 705 avro və müxtəlif xarici valyutalar nağd pul şəklində götürülüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin 2-ci bəndi ilə aparılır. Bu maddə 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: marneulifm.ge