Batumi Arenada gərginlik: "Beşiktaş" azarkeşləri ilə polis arasında qarşıdurma yaşanıb
Batumi Arenada gərginlik müşahidə olunur. Mövcud məlumata görə, "Beşiktaş" azarkeşləri polislə qarşıdurmaya giriblər, bundan sonra polisin, ehtimal ki, istiot qazından istifadə etdiyi bildirilir.
XEBER.GE xeber verir ki, hazırkı məlumata əsasən, azarkeşlər polislərin ünvanına müxtəlif əşyalar atırlar. Bundan əvvəl isə türkiyəli azarkeşlər Fələstin bayrağı açıb və İsrail əleyhinə şüarlar səsləndiriblər. Saxlanılanların olub-olmaması hazırda dəqiqləşdirilir.
Batumidə futbol üzrə Türkiyənin "Beşiktaş" və İsrailin "Hapoel Beer-Şeva" komandaları qarşılaşacaqlar. Oyunun keçiriləcəyi stadionun dəyişdirilməsi qərarını UEFA verib. Qurumun açıqlamasına görə, Türkiyə hakimiyyəti təhlükəsizlik mülahizələrindən irəli gələrək matçın İstanbulda keçirilməsinin mümkün olmadığını bildirib. Müvafiq tərəflərlə məsləhətləşmələrdən sonra Avropa Liqası görüşünə Gürcüstanın ev sahibliyi etməsi qərara alınıb.