Tbilisidə misli görünməmiş miqdarda narkotik vasitə ələ keçirilib

Sep 4, 2025 - 17:39
 0  25
Tbilisidə misli görünməmiş miqdarda narkotik vasitə ələ keçirilib

Hüquq-mühafizə orqanları Tbilisidə rekord həcmdə narkotik vasitə aşkarlayıb. Əməliyyat Mərkəzi Kriminal Polis Departamenti və Kvemo Kartli Polis Departamentinin əməkdaşları tərəfindən, Baş Prokurorluqla birgə həyata keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN nazirinin müavini Aleksandre Daraxelidzenin brifinqdə verdiyi açıqlamaya əsasən, ələ keçirilən narkotik vasitələr arasında 34 512 ədəd “Metadon” həbi var. Bu, indiyədək Gürcüstanda polis tərəfindən aşkarlanmış ən böyük həcmdir.

Onun sözlərinə görə, əldə olunmuş operativ məlumat əsasında Fonichala qəsəbəsində 1967-ci il təvəllüdlü, əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş E.F.-in mənzilində axtarış aparılıb. Axtarış zamanı xüsusi hazırlanmış gizlədilmiş yerlərdən böyük miqdarda “Metadon” həbləri, həmçinin “Heroin”, “Morfin” və “Kodein” tərkibli 2 litrə yaxın maye maddə aşkarlanaraq götürülüb.

Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2 və 3-cü hissələrinin “a” bəndi üzrə istintaq aparılır. Şübhəli E.F.-ə qarşı ittiham irəli sürülüb və cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Nazir müavini əlavə edib ki, DİN-in müxtəlif bölmələri ölkə üzrə narkotik cinayətlərinə qarşı kompleks tədbirləri fasiləsiz davam etdirir. O, əməliyyatda iştirak edən bütün polis əməkdaşlarına “fədakar xidmətlərinə görə” təşəkkürünü bildirib.

mənbə: interpress