Azyaşlı qardaşlara qarşı “qanuni oğru” adından edilən hücumla bağlı yeni detallar məlum olub

Gori şəhərinin mərkəzində baş vermiş fiziki qarşıdurma ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Məlumata əsasən, döyülən şəxslər yetkinlik yaşına çatmayan iki qardaşdır və onlara təxminən 15 nəfər hücum edib.
Araşdırma zamanı əldə olunan dəlil və ifadələr göstərir ki, insidentin səbəbi “TikTok” platformasında yazılmış konkret bir şərh olub. Aydınlaşdırılıb ki, 13 və 15 yaşlı qardaşlar həmin şərhdə “qanuni oğru”lardan birini nalayiq şəkildə xatırlayıblar, bu da münaqişəyə səbəb olub.
Hadisədə iştirak edən şəxslərdən bir neçəsi dindirilib, lakin yalnız bir nəfər saxlanılıb. Saxlanılan şəxs məktəb şagirdidir və o, üzərinə qoyulan ittihamı qəbul etmir. Hazırda o, müvəqqəti saxlama təcridxanasındadır və ona rəsmi ittihamın irəli sürülməsi gözlənilir.
Onun vəkili bildirir ki, müvəkkilinin “qanuni oğru” aləmi ilə heç bir əlaqəsi yoxdur və bu məlumatların niyə yayıldığını anlamır: “O, 16 yaşındadır. Hər hansı nüfuz sahibi deyil ki, kriminal aləmlə əlaqədə olsun. Bu sistem ümumiyyətlə onun maraq dairəsində deyil. Mən də təəccüblənirəm ki, yetkinlik yaşına çatmayanların iştirakı ilə baş vermiş adi bir dava kriminal aləmin maraqlarının müdafiəsi kimi təqdim edilir. Ona qarşı həbs qətimkan tədbiri seçilməməlidir. Polis onunla maraqlandıqda, biz öz təşəbbüsümüzlə hüquq-mühafizə orqanlarına müraciət etdik.”
Gorinin mərkəzində, izdihamlı bir ərazidə baş verən bu qrup hesablaşmasının axşam saatlarında olduğu güman edilir. Yerli sakinlər bildirirlər ki, hadisənin şahidi olan olmayıb, çünki bu vaxt ətrafda çox adam olmur: “Axşam idi və mən də bu vaxtlarda burda olmuram. Adətən uşaqlar olur, futbol və ya basketbol oynayırlar. Nə baş verdiyini bilmirəm,” – deyə yerli sakin bildirib.
Məlumata görə, hadisə ilə bağlı səs yazısı da mövcuddur və bu yazının böyük ehtimalla təqsirləndirilən şəxslər tərəfindən lentə alındığı ehtimal edilir. Səsyazmada azyaşlılara zərbələr endirilməsi və onların kömək istəməsi eşidilir. Eyni zamanda, səsdə təcavüzkarların narahatlığı da əks olunur – onlardan biri yetkinlik yaşına çatmayan uşaqlardan birinin zədələr nəticəsində görmə qabiliyyətini itirə biləcəyindən ehtiyatlanır.
Döyülən qardaşlar hazırda tibb müəssisəsində müalicə alırlar.
mənbə: interpress