Arvad ərini soyuq silahla öldürdü

Tbilisidə qadın ərini soyuq silahla qətlə yetirib.
Daxili İşlər Nazirliyinin əməkdaşları faktla bağlı bir nəfəri saxlayıblar.
Hadisə dünən baş verib.
Nazirliyin məlumatına görə, saxlanılan şəxs ailə mübahisəsi zəminində ərinə bədən xəsarətləri yetirib və nəticədə zərərçəkən dünyasını dəyişib.
“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin əməkdaşları isti izlərlə aparılan operativ və istintaq tədbirlərinin nəticəsində, 2000-ci il təvəllüdlü T.G.-ni ailə üzvünə qarşı qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən olunub ki, təqsirləndirilən şəxs cari il avqustun 22-də, Tbilisidə, yaşadıqları mənzildə ailə mübahisəsi zəminində həyat yoldaşı – 2003-cü il təvəllüdlü L.G.-yə soyuq silahla ölümcül xəsarət yetirib.
Polis əməkdaşları keçirilən istintaq tədbirləri nəticəsində şübhəlini isti izlərlə saxlayıblar və cinayətdə istifadə olunan bıçağı maddi sübut kimi götürüblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 109-cu maddəsinin “k” bəndi ilə – ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi üzrə istintaq aparılır. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur”, – deyə məlumatda qeyd olunur.
mənbə: interpress