Ağır haldır, ona tezliklə sağalmağı arzulayıram – Papuaşvili Rijvadze haqqında

“Gürcü Arzusu” partiyasının Parlament sədri Şalva Papuaşvilinin sözlərinə görə, Tornike Rijvadzenin güllələnməsi ağır hadisədir.
“Əlbəttə ki, bu, ağır hadisədir. Tornikeyə tezliklə sağalmağı arzulayıram. Bildiyiniz kimi, istintaq aparılır və bu hadisənin bütün detalları aydınlaşdırılacaq”, – deyə Papuaşvili bildirib.
Jurnalistlərin "Tornike Rijvadzeyə kim korrupsiya və narkotacirləri himayə etmək ittihamını yönəldirdi?" sualına Papuaşvili ümumi cavab verib və bildirib ki, bunu istintaq müəyyən edəcək.
“İstintaq elə bunun üçün var. Daxili İşlər naziri hadisə yerində şəxsən iştirak edib. Hazırda istintaq gedir və faktları o müəyyən edəcək. Mən digər detalları bilmirəm,” – deyə Papuaşvili əlavə edib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gün – 7 iyulda, Saqarecodakı “Geohospitals” klinikasına Acarıstan hökumətinin sabiq sədri Tornike Rijvadze yerləşdirilib. Onun döş qəfəsində odlu silah yarası aşkar edilib.
Nazirliyin verdiyi məlumata görə, həkimlərin sözlərinə əsasən, Rijvadzenin ciyəri zədələnib və vəziyyəti sabit, lakin ağır olaraq qiymətləndirilir.
"İmedi" telekanalının məlumatına görə, Tornike Rijvadze intihara cəhd etməzdən əvvəl məktub yazıb və orada Bidzina İvanişvilidən ailəsinin qorunmasını xahiş edib. Lakin Daxili İşlər Nazirliyi bu məktub barədə heç bir açıqlama verməyib.
Bununla yanaşı, etibarlı mənbələr "Batumelebi"yə bildiriblər ki, məktubla bağlı jurnalistlərə heç bir tibbi personal məlumat təqdim etməyib. Saqarecodakı klinika bu məsələ ilə bağlı hələlik açıqlama yaymayıb. Tornike Rijvadzenin yerləşdirildiyi Tbilisidəki Birinci Universitet Klinikası isə mətbuata hər hansı məktubun verilməsini təkzib edir. Qanunvericiliyə əsasən, pasiyentlə bağlı bu cür məlumatların yayılması qadağandır.
mənbə: marneulifm