Gürcüstanda "Maydan" olmayacaq!
Artıq üçüncü ildir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən avropalı siyasətçilər və bürokratlar davamlı şəkildə ölkəni zəiflətməyə çalışırlar. Amma noyabrın 29-da Gürcüstanda hamı bir daha əmin oldu ki, bizim ölkədə “Milli Maydan” ola bilməz.
Bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi brifinqdə deyib.
Baş nazir bildirib ki, dünənki şiddətli mitinqə görə əsas məsuliyyət konkret olaraq Avropa siyasətçiləri və bürokratları ilə yanaşı, dörd siyasi partiyanın təmsil etdiyi “beşinci kolon” olan “yerli agentlər”in də üzərinə düşür.
“Dünən aydın oldu ki, radikallar və onların xarici himayədarları hər zaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa çalışırlar. Amma unudurlar ki, Gürcüstan güclü təsisatları və ən əsası, təcrübəli, müdrik insanları olan, heç kimin gücünü sarsıda bilməyəcəyi müstəqil dövlətdir”, - deyə Baş nazir vurğulayıb.
Hökumət başçısı, eyni zamanda, diqqətə çatdırıb ki, “Maydan” ssenarisi Gürcüstanda həyata keçirilə bilməz. Gürcüstan güclü dövlətdir və buna imkan verməyəcək.
Qeyd edək ki, Gürcüstanda etiraz aksiyaları üç gündür davam edir və nümayişçilərin dağıdılması ilə yekunlaşır. Müxalifət tərəfdarları Gürcüstan hakimiyyətinin noyabrın 28-də ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər gündəmdən çıxarmaq qərarına etiraz edirlər.
mənbə: modern