ABŞ məhkəməsi Gürcüstan və 74 ölkə üçün immiqrasiya viza qadağasını ləğv etdi
ABŞ-nin federal məhkəməsi Donald Tramp administrasiyasının Gürcüstan və daha 74 ölkənin vətəndaşları üçün immiqrasiya vizalarının verilməsini dayandıran qərarını ləğv edib.
XEBER.GE xeber verir ki, Dövlət Departamenti bu məhdudiyyəti 2026-cı il yanvarın 21-də tətbiq etmişdi. Qurum iddia edirdi ki, siyahıya daxil edilən ölkələrin vətəndaşları ABŞ-yə köçdükdən sonra dövlət üçün maliyyə yükünə çevrilə və sosial yardımlardan istifadə edə bilərlər.
Manhettenin federal hakimi Cinet Varqas (Jeannette Vargas) müəyyən edib ki, sözügedən qadağa "aşkarcasına qanunsuzdur". Onun qərarına əsasən, dövlət katibi Marko Rubio səlahiyyət həddini aşıb, çünki vizaların verilməsinə qoyulan məhdudiyyəti müraciət edənlərin vətəndaşlığı ilə əlaqələndirib.
ABŞ qanunvericiliyinə görə, konsulluq əməkdaşı hər bir müraciət edənin maliyyə vəziyyətini, yaşını, sağlamlığını, bacarıqlarını və ailə vəziyyətini fərdi qaydada qiymətləndirməlidir. Məhkəmənin bildirdiyinə görə, Dövlət Departamentinin bu siyasəti müraciət edən şəxs özünü maliyyə cəhətdən təmin edə biləcəyini sübut etdiyi halda belə, vizanın verilməsini qadağan edirdi.
Bundan əlavə, məhkəmə yalnız bu qadağaya əsaslanan viza imtina qərarlarının hamısını ləğv edib. Lakin viza imtinası digər hüquqi əsaslara söykənirdisə, həmin qərar qüvvədə qalıb.
Məlumat üçün bildirək ki, yanvar ayında tətbiq edilən məhdudiyyət yalnız immiqrasiya vizalarına şamil olunurdu və turist və ya tələbə vizalarına aid deyildi. Dövlət Departamenti məhkəmənin qərarı ilə bağlı hələlik şərh verməyib