ABŞ Gürcüstan vətəndaşları üçün viza girovu tətbiq edir

Mar 18, 2026 - 21:14
 0  27
ABŞ Gürcüstan vətəndaşları üçün viza girovu tətbiq edir

ABŞ Dövlət Departamenti Gürcüstanı "viza girovu proqramı"na daxil edib.

Xeber.ge xeber  verir ki, yeni qaydalara əsasən, Gürcüstan vətəndaşları turist vizası almaq üçün 5 000 dollardan 15 000 dollaradək girov ödəməli ola bilərlər.

 Dövlət Departamentinin rəsmi saytında yer alan məlumata görə, bu dəyişiklik 2 aprel 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək. Ümumilikdə 38 ölkənin yer aldığı siyahıya Gürcüstanla yanaşı, daha 12 dövlət əlavə edilib. Maraqlıdır ki, siyahıya daxil edilən yeni ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşir və Gürcüstan bu siyahıda yeganə Avropa ölkəsidir.

 Ölkələrin bu siyahıya salınmasının əsas səbəbi həmin dövlətlərin vətəndaşları tərəfindən viza şərtlərinin pozulması hallarının tez-tez qeydə alınmasıdır. Proqramın məqsədi ABŞ-da qanunsuz miqrasiya risklərini aradan qaldırmaqdır.

  • Qərarı kim verir: Viza müsahibəsi zamanı konsul müraciət edən şəxsin ABŞ-da qalma müddətini pozma ehtimalının olduğunu düşünərsə, girov tələb edə bilər.
  • Məbləğ: Girovun dəqiq miqdarı viza zabiti tərəfindən müəyyən edilir.
  • Geri qaytarılma: Viza müddəti bitdikdən sonra vətəninə vaxtında qayıdanlara və ya vizadan ümumiyyətlə istifadə etməyənlərə ödənilən girov tam məbləğdə geri qaytarılacaq.

Gürcüstanla bərabər siyahıya Kamboça, Efiopiya, Qrenada, Lesoto, Mavriki, Monqolustan, Mozambik, Nikaragua, Papua-Yeni Qvineya, Seyşel adaları və Tunis əlavə edilib. Bundan əvvəl siyahıda Namibiya, Uqanda və Tuvalu kimi ölkələr yer alırdı.