4,3 milyon lari dəyərində təbii qaz oğurluğu faktına görə bir nəfər saxlanılıb

Sep 12, 2025 - 12:07
 0  26
4,3 milyon lari dəyərində təbii qaz oğurluğu faktına görə bir nəfər saxlanılıb
: :
playing

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları “Gürcüstan Qaz Nəqli Şirkəti”nin magistral kəmərinə qanunsuz qoşulmaq yolu ilə dövlətə məxsus təbii qazı oğurlayan şəxsi saxlayıblar.

Bu barədə İstintaq Xidmətinin rəis müavini İa Axalayan məlumat  verib.

Məlumata görə, saxlanılan şəxs Şida Kartli bölgəsində illərdir çörək zavoduna sahib olub. Zavodun yaxınlığında o, kustar üsulla avtomaşınlara qazdoldurma məntəqəsi quraraq hər gün onlarla avtomobili qazla təmin edirmiş.

Araşdırmalar göstərib ki, təqsirləndirilən şəxs dövlət şirkətinə məxsus iki magistral kəmərə qanunsuz qoşulmaqla 2024–2025-ci illərdə gizli şəkildə 4 347 000 lari dəyərində təbii qaz ələ keçirib.

Cinayət işi Gürcüstan CM-nin 177-ci maddəsinin 4-cü hissəsi ilə araşdırılır. Bu maddə 6 ildən 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Hazırda istintaq davam edir. Qazın dəqiq miqdarının müəyyənləşdirilməsi, mümkün digər iştirakçıların ifşası, həmçinin böyük məbləğdə vergidən yayınma faktının araşdırılması istiqamətində əməliyyat tədbirləri aparılır.

mənbə: interpress