4 oktyabr İvanişvilinin dinc yolla devrilməsi günü elan olunur
 
                                Paata Burçuladzenin bəyanatına görə, 4 oktyabr İvanişvilinin dinc yolla devriləcəyi gün olacaq.
Burçuladzenin sözlərinə görə, 4 oktyabrda, saat 4-də, onlar Respublika meydanında toplaşacaqlar və milli qurultay keçirəcəklər. Onun fikrincə, bu gün xalqın hakimiyyətə qayıtdığı gün olacaq.
"Bu bəyanatın ünvanı heç bir siyasi partiya və ya siyasətçi deyil, ona görə də mən gürcü xalqının əzəmətinə müraciət edirəm. 
4 oktyabr tarixində, günorta saat 4-də Respublika meydanında toplaşırıq, milli qurultay keçiririk, rejim tərəfindən zəbt olunmuş ölkəni geri alırıq və Gürcüstanın azadlığına səs veririk.
İvanişvilidən qanunsuz şəkildə mənimsənilmiş hakimiyyəti almalıyıq və xalqa geri qaytarmalıyıq. 4 oktyabr sadəcə etiraz günü deyil, bu, tarixi qələbə günü olacaq. Beləliklə, 4 oktyabr İvanişvilinin dinc yolla devrilməsi günü elan olunur. Hazır ol, Gürcüstan! Mübarizə sonadək gedəcək." – deyə Paata Burçuladze bildirib.
Bu mövzu ilə bağlı dünən Tina Bokuçava və Elene Xoştaria da danışıblar.
"Dəyişiklik naminə koalisiyanın" üzvü və "Droa"nın lideri Elene Xoştaria bildirir ki, əvvəlcədən inqilabın tarixini müəyyənləşdirmək yalançılıqdır. 
"Kim ki əvvəlcədən deyir – bu vaxt inqilab olacaq – o, sadəcə olaraq komik yalançıdır, faydalı axmaqdır və ya “koçi” ("Gürcü Arzusu" tərəfdarı) və DTX (Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti) ilə əlaqəlidir."
Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava isə bildirib ki:
"İnqilabın tarixi süni şəkildə təyin olunmur və əvvəlcədən elan edilmir. Bütün ümidin bir tarixə bağlanması və cəmiyyətin gözləntilərinin düzgün idarə olunmaması tamamilə əsassızdır."
mənbə: marneulifm
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            