4 milyonluq təmirdən sonra "Avlabari" stansiyasını su basdı-VİDEO

May 23, 2026 - 14:45
 0  45

Gürcüstanın paytaxtı Tbilisidə yağan güclü yağışlar yeni reabilitasiya olunmuş "Avlabari" metro stansiyasında ciddi fəsadlar törədib.

Xeber.ge xeber  verir ki, büdcədən milyonlarla vəsait ayrılaraq təmir edilən stansiyanın vestibülünü və əsas girişini yağış suları basıb, su birbaşa tavan hissəsindən içəri sızıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə metropoliten əməkdaşlarının subasmanın fəsadlarını təmizləməyə çalışdıqları əks olunub. Hadisə paytaxtda keyfiyyətsiz infrastruktur layihələri və tender korrupsiyası ilə bağlı müzakirələri yenidən alovlandırıb.

Tbilisi Nəqliyyat Şirkəti hadisəyə dərhal reaksiya verərək bəyanat yayıb.

Qurumun iddiasına görə, subasmanın səbəbi yağıntının normadan artıq olması nəticəsində damın drenaj sisteminin zədələnməsidir.

Korrupsiya tədqiqatçıları və müxalifət nümayəndələri isə rəsmi izahatı rədd edərək işlərin son dərəcə keyfiyyətsiz aparıldığını bildirirlər.

"Bu fakt Tbilisi Meriyasının keçirdiyi tenderlərdəki sistemli problemləri çılpaqlığı ilə göstərir. Paytaxt rəhbərliyi sistematik olaraq elə şirkətləri seçir ki, onlar keyfiyyətə görə heç bir məsuliyyət daşımırlar.

Onların gördüyü işlər çox qısa müddətdə, heç bir kənar təsir olmadan sıradan çıxır. Ən pisi odur ki, bu şirkətlər cəzalandırılmaq əvəzinə Meriyanın digər irimiqyaslı tenderlərində də rahatca iştirak edirlər.

Məsələn, 'Avlabari' metrosunu bu günə qoyan eyni şirkətə hazırda 'Varketili' metrosunun da reabilitasiyası layihəsi həvalə olunub".

Donadze layihənin həm vaxt, həm də keyfiyyət baxımından uğursuz olduğunu rəqəmlərlə ifşa edib:

"Avlabari metro stansiyasının reabilitasiyasına dövlət büdcəsindən dəqiq 4 milyon 200 min lari vəsait xərclənib. Bu işlər onsuz da rəsmi müddətin pozulması və gecikmələrlə başa çatmışdı. İndi isə bəlli olur ki, həm də keyfiyyətsiz olub.

Təmirdən cəmi bir il keçdikdən sonra damın çökməsi və sıradan çıxması bunun sübutudur".

Tbilisi Meriyası hələlik məsələnin zəmanət şərtlərinə aid olub-olmaması və podratçı şirkətə qarşı sanksiyaların tətbiqi barədə yekun qərarını açıqlamayıb.