Yeniyetməyə qarşı zorakılıq və alçaldıcı rəftarla bağlı 9 nəfər saxlanılıb

Jul 8, 2025 - 11:42
 0  12
Yeniyetməyə qarşı zorakılıq və alçaldıcı rəftarla bağlı 9 nəfər saxlanılıb
: :
playing

Tbilisidə bir yeniyetməyə qarşı fiziki zorakılıq edilib, soyuq silahla müxtəlif bədən nahiyələrinə xəsarət yetirilib və ona qarşı həyata keçirilən fiziki, psixoloji təzyiqin və alçaldıcı rəftarın görüntüləri mobil telefonla çəkilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, hadisə ilə bağlı 9 nəfər saxlanılıb.

İstintaqın gedişində saxlanılan şəxslərin şəxsi əşyalarına və yaşayış yerlərinə baxış zamanı mobil telefonlar, nasist simvolikası əks etdirən əşyalar, soyuq və pnevmatik silahlar maddi sübut kimi götürülüb.

Rəsmi məlumatda deyilir:

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Yeniyetmələrin İşləri Baş İdarəsinin əməkdaşları həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin nəticəsində 9 nəfəri saxlayıblar.

Əvvəlcədən əlbir olaraq yeniyetməyə qarşı qrup halında qeyri-insani rəftar etməkdə şübhəli bilinən şəxslər aşağıdakılardır: əvvəllər məhkum olunmuş, 1995-ci il təvəllüdlü L.A., 2006-cı il təvəllüdlü G.M., 2007-ci il təvəllüdlü D.B., 2008-ci il təvəllüdlü D.M., 2008-ci il təvəllüdlü G.J., 2008-ci il təvəllüdlü S.Ş., 2010-cu il təvəllüdlü M.X., 2010-cu il təvəllüdlü Z.O. və 2011-ci il təvəllüdlü A.R. Cinayət 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən olunub ki, daha əvvəlki mübahisə zəminində yeniyetmə M.X. digər yeniyetmə A.X.-i aldadaraq Tbilisidəki bir metro stansiyası yaxınlığındakı tərk edilmiş binaya aparıb, burada digər təqsirləndirilənlər onu gözləyirmiş.

Orada yaranan şifahi mübahisədən sonra saxlanılan şəxslər A.X.-ə qarşı fiziki zorakılıq göstəriblər, soyuq silahla müxtəlif bədən xəsarətləri yetiriblər və fiziki, psixoloji təzyiq və alçaldıcı hərəkətlərin görüntülərini mobil telefonla çəkiblər.

Hüquq-mühafizəçilər kompleks istintaq və prosessual hərəkətlər nəticəsində saxlanılanların şəxsi və yaşayış yerlərində axtarış apararkən mobil telefonlar, nasist simvolikası olan əşyalar, soyuq və pnevmatik silahlar maddi sübut kimi götürülüb.

İstintaq, Gürcüstan Cinayət Məcəlləsinin 144-cü prima maddəsinin 2-ci hissəsinin “e” və “z” bəndləri ilə – əvvəlcədən əlbir olaraq yeniyetməyə qarşı qeyri-insani rəftar faktı üzrə aparılır.”

mənbə: interpress