Yanvar-iyun aylarında “Gürcü Arzusu” partiyasına 6.6 milyon lari ianə edilib

Jul 31, 2025 - 15:36
 0  33
Yanvar-iyun aylarında “Gürcü Arzusu” partiyasına 6.6 milyon lari ianə edilib

“Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatı hakimiyyətdə olan “Gürcü Arzusu” partiyasına edilən ianələrin miqdarının donorların sistemli korrupsiyada iştirak etdiyinə dair şübhə doğurduğunu bildirir.

Təşkilat, 2025-ci ilin yanvar-iyun ayları üçün açıq şəkildə dərc edilmiş məlumatlara əsasən, bu dövrdə “Gürcü Arzusu” partiyasına 6.6 milyon lari ianə edildiyini, bunun digər bütün partiyaların birlikdə aldıqlarından 6 dəfə çox olduğunu qeyd edir.

Bu ilin ilk altı ayında partiyalar ümumilikdə 7 592 948 lari ianə alıblar, bunun 87%-i (6 573 370 lari) “Gürcü Arzusu” partiyasına məxsusdur. Bu vəsaitin üçdə birindən çoxu Acarıstan regionundan gəlib – muxtar respublikanın sədri Tornike Rijvadzenin istefasından sonra, 3 ay ərzində həmin regiondan partiyaya 2.5 milyon laridən çox ianə edilib.

Təşkilat bildirir:

“Qısa zaman ərzində regiondan bu qədər böyük məbləğdə ianənin edilməsi misilsiz haldır və bu, ianələrin üçüncü şəxslər vasitəsilə həyata keçirildiyinə dair şübhə yaradır ki, bu da qanun pozuntusudur.”

“Beynəlxalq Şəffaflıq – Gürcüstan” qeyd edir ki, hakim partiyanın donorları ilə əlaqəli 11 şirkət 2024-cü ildən etibarən 143.6 milyon lari dəyərində dövlət tenderlərini udub. 2016-cı ildən isə bu şirkətlər ümumilikdə 422 milyon lari dəyərində tenderlər qazanıblar.

Digər partiyalara gəlincə, ianələr baxımından liderlik edir:

  • “Lelo – Güclü Gürcüstan”,
  • “Xalqın Gücü” (Gürcü Arzusu ilə əlaqəli),
  • “Milli Hərəkat”.

2025-ci ilin 1 yanvar – 30 iyun tarixləri arasında partiyaların aldığı ianələr:

  • Gürcü Arzusu – 6 573 370 lari
  • Lelo – Güclü Gürcüstan – 410 125 lari
  • Xalqın Gücü – 190 000 lari
  • Milli Hərəkat – 164 767 lari
  • Dəyişiklik Koalisiyası – 160 737 lari
  • Qaxaria Gürcüstan üçün – 37 288 lari
  • Leyboristlər Partiyası – 15 395 lari
  • Droa – 13 040 lari
  • Sülh üçün Həmrəylik – 11 145 lari
  • Xalq üçün – 9 500 lari
  • Mühafizəkarlar – 6 681 lari
  • Avropalı Sosialistlər – 900 lari

Gürcüstanda 2025-ci ilin oktyabrında yerli idarəetmə seçkiləri keçiriləcək.

“Gürcü Arzusu” bildirir ki, 64 bələdiyyənin hamısında öz namizədi qalib gələcək.

Müxalifətin böyük hissəsi isə parlament seçkilərinin əsas tələb olduğunu bildirərək, yerli seçkilərdə iştirak etməyəcəyini bəyan edir.

Seçicilər bülletendə yenə də bir neçə partiyanı görəcəklər, o cümlədən:

  • “Lelo – Güclü Gürcüstan”,
  • “Qaxaria Gürcüstan üçün” və s.

mənbə: marneulifm