“Telasi” və “Energo Pro Georgia” şirkətləri tez-tez baş verən elektrik kəsintilərinə görə cərimələnib

Jul 31, 2025 - 19:24
 0  32
“Telasi” və “Energo Pro Georgia” şirkətləri tez-tez baş verən elektrik kəsintilərinə görə cərimələnib

Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləyici Komissiyası (SEMEK) “Telasi” ASC və “Energo Pro Georgia” ASC-ni elektrik enerjisinin tez-tez kəsilməsi səbəbilə cərimələyib.


Bu barədə məlumatı SEMEK yayıb.

Komissiyanın məlumatına görə, ictimai iclasda qəbul edilən qərara əsasən, 2024-cü ildə bu şirkətlərin elektrik enerjisi ilə təminat etibarlılığı üzrə göstəricilərinin 2023-cü illə müqayisədə pisləşməsi SEMEK-in normativ aktlarının və lisenziya şərtlərinin pozulması kimi qiymətləndirilib.

SEMEK-in səlahiyyətləri çərçivəsində qurum hər il elektrik enerjisi kəsintilərinin dinamikasını və səbəblərini analiz edir, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün isə tövsiyələr hazırlayır. Bu məqsədlə SEMEK-in xüsusi qrupu “Telasi” və “Energo Pro Georgia” şirkətlərinin enerji təminatının etibarlılığını ölçən indeksləri – o cümlədən bir istifadəçiyə düşən elektrik kəsintisinin orta müddəti (SAIDI – dəqiqə/istifadəçi) və bir istifadəçiyə düşən elektrik kəsintisinin orta tezliyi (SAIFI – kəsinti/istifadəçi) göstəricilərini öyrənmişdir.

Tədqiqat nəticəsində məlum olub ki, 2024-cü il ərzində “Telasi”nin lisenziya zonasında 11 740 kəsinti baş verib. Daxili səbəblərlə əlaqəli planlı və plansız kəsintilər üzrə SAIDI göstəricisi 14 saat 55 dəqiqə təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə (9 saat 27 dəq) müqayisədə 5 saat 28 dəqiqə çoxdur. Daxili səbəblərlə əlaqəli SAIFI göstəricisi isə 2024-cü ildə 9.04 olub, bu da ötən ilin göstəricisindən (6.06) 2.98 vahid artıqdır.

“Energo Pro Georgia” şirkətinin lisenziya zonasındakı kəsintilərin sayı isə 74 504 olub. Bu şirkət üzrə SAIDI göstəricisi 61 saat 38 dəqiqə, ötən il isə bu rəqəm 55 saat 8 dəqiqə təşkil etmişdi – 6 saat 30 dəqiqəlik pisləşmə qeydə alınıb. SAIFI göstəricisi isə 31.06, ötən il isə 29.71 olub – 1.35 vahid artım müşahidə olunub.
SEMEK-in ictimai iclasında qəbul edilən qərara əsasən, elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə “Telasi” və “Energo Pro Georgia” üçün təminat etibarlılığı üzrə hədəf göstəricilər müəyyən ediləcək və bu göstəricilərə əməl olunması şirkətlər üçün məcburi olacaq.

mənbə: marneulifm