Vətəndaşı döyən 6 polisin hamısı həbsxanaya göndərildi
Qori şəhərində yerli sakin Papuna Lotsulaşvilinin polis əməkdaşları tərəfindən qrup halında vəhşicəsinə döyülməsi ilə bağlı qaldırılan cinayət işi üzrə ilk məhkəmə prosesi başa çatıb.
Xeber.ge xəbər verir ki, Qori Rayon Məhkəməsinin hakimi Germane Dadeşkeliani ittiham olunan hər 6 polis əməkdaşı barəsində həbs qətimkan tədbiri seçib.
Məhkəmənin qərarı ilə polislərin hamısı istintaq dövrünü dəmir barmaqlıqlar arxasında keçirəcək.
Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərin mövqelərində parçalanma yaranıb. Belə ki, həbs edilən polislərdən ikisi — Vladimir Qoderzişvili və İvane Misireli məhkəmə zalında cinayət əməllərini rəsmən etiraf edərək zərərçəkmişdən və cəmiyyətdən bağışlanmaq xahiş ediblər.
Onların vəkilləri müvəkkillərinin səmimi etirafını əsas gətirərək məhkəmədən qətimkan tədbirinin dəyişdirilməsini və hər biri üçün 5 000 lari məbləğində girov qarşılığında azadlığa buraxılmalarını tələb etsələr də, hakim bu vəsatəti rədd edib.
Zorakılıqda təqsirləndirilən digər polis əməkdaşı — Saba Tsavelidzenin vəkili isə fərqli bir müdafiə xətti seçib. Vəkil bəyan edib ki, onun müvəkkilinin cəmi 19 yaşı var və bu yaşda olan bir gənc üçün həbs qətimkan tədbirinin seçilməsi "məqsədəuyğun" deyil. Lakin hakimlər heyəti törədilən cinayətin ağırlığını nəzərə alaraq bu arqumenti də qəbul etməyib.
Məhkəmə prosesində iştirak edən digər 4 polis əməkdaşı — Giorgi Tskrialaşvili, Saba Tsavelidze, Aleko Badalov və Beso Malatsidze isə irəli sürülən ittihamları qəbul etməyərək özlərini təqsirli bilməyiblər.
Buna baxmayaraq, prokurorluğun təqdim etdiyi təkzibolunmaz video və maddi sübutlar əsasında hakim hər 6 nəfərə qarşı eyni qəti qərarı çıxarıb.
Xatırladaq ki, saxlanılan şəxslərin hamısına qarşı Gürcüstan Cinayət Məcəlləsinin 333-cü maddəsi — xidməti səlahiyyətləri zorakılıq tətbiq etməklə aşma ittihamı irəli sürülüb. Onları 5 ildən 8 ilə qədər həbs cəzası gözləyir.
Cəmiyyətdə böyük hiddət doğuran bu hadisə ilə bağlı növbəti məhkəmə baxışlarının gedişatı ölkə mətbuatının diqqət mərkəzindədir.