Tbilisidə qrup halında zorakılıq törədən şəxslər saxlanılıb

Jan 23, 2026 - 12:13
 0  42
Tbilisidə qrup halında zorakılıq törədən şəxslər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Tbilisi Polis Departamentinin Köhnə Tbilisi rayon idarəsinin əməkdaşları qrup halında fiziki zorakılıq törətməkdə ittiham olunan 3 nəfəri saxlayıblar.

Xeber.ge xeber  verir ki, əməliyyat nəticəsində 1987-ci il təvəllüdlü D.O., 1998-ci il təvəllüdlü D.M. və əvvəllər məhkum olunmuş, hazırda şərti cəza altında olan 1992-ci il təvəllüdlü K.M. təqsirləndirilən şəxs qismində tutulublar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qarşılıqlı mübahisə zəminində iki nəfərə - A.B. və D.F.-yə qrup halında fiziki xəsarətlər yetiriblər. Hadisədən dərhal sonra zorakılıq törədən şəxslər ərazidən uzaqlaşıblar.

Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində cinayətdə iştirak edən hər üç şəxs hadisədən qısa müddət sonra yaxalanıb.