Tbilisidə “Gürcü Arzusu”nun seçki banerinin zədələnməsi faktı üzrə istintaq başlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının müraciəti əsasında seçki banerlərinin zədələnməsi faktı üzrə araşdırmaya başlayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, istintaq Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə aparılır ki, bu da əmlakın zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.
Nazirliyin məlumatına əsasən, şikayətdə göstərilir ki, bu addımı “Koalisiya dəyişikliklər üçün” təşkilatının liderlərindən biri, Elene Xoştaria atıb.
“Hazırda polis faktla bağlı istintaq hərəkətləri aparır. Ekspertiza əsasında dəymiş zərərin həcmi müəyyən ediləcək və hadisəyə uyğun hüquqi reaksiya veriləcək”, – deyə DİN-in açıqlamasında bildirilib.
Xatırladaq ki, Elene Xoştaria bir neçə gün əvvəl sosial şəbəkədə video yayaraq, Tbilisinin hazırkı meri və “Gürcü Arzusu”nun namizədi Kaxa Kaladzenin seçki banerinə “Rus arzusudur” sözlərini yazıb. O, bununla bir neçə gün əvvəl Kaladzenin banerini zədələdiyi üçün saxlanılan və sonradan məhkəmənin 2000 lari girovla azadlığa buraxdığı Meqi Diasamidze ilə həmrəyliyini ifadə etdiyini bəyan edib.
mənbə: interpress