Tbilisidə seriyalı oğurluqlar və soyğunçuluqlar 6 yeniyetmə saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin azyaşlıların işlər üzrə baş idarəsinin əməkdaşları qabaqcadan əlbir olan qrup tərəfindən törədilmiş oğurluq, soyğunçuluq və soyğunçuluğa cəhd ittihamı ilə 6 azyaşlı şəxsi saxlayıblar; onlardan 3 nəfəri əvvəllər məhkum olunub.
XEBER.GE xeber verir ki, hüquq-mühafizə orqanlarının cinayət işi üzrə kompleks şəkildə apardığı istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, azyaşlılar müxtəlif vaxtlarda qanunsuz mənimsəmək məqsədilə Tbilisidə yerləşən aptek və ərzaq mağazaları şəbəkələrindən müxtəlif dəyərdə məhsul və pul oğurlayıblar, bundan sonra hadisə yerindən qaçıblar.
Aparılan istintaq çərçivəsində ticarət obyektlərində quraşdırılmış müşahidə kameralarının görüntüləri götürülüb ki, bu da təqsirləndirilən şəxslərin cinayət əməllərini təsdiq edir.
Müəyyən edilib ki, azyaşlılardan biri vətəndaşa məxsus motosikleti, digəri isə mikroavtobusu qaçırıb. Saxlanılan yeniyetmələrdən biri isə xarici ölkə vətəndaşına hücum etmək nəticəsində onun mobil telefonunu qanunsuz olaraq ələ keçirib.
Azyaşlıların törөtdikləri cinayət əməlləri nəticəsində müxtəlif təyinatlı ticarət obyektinə və fiziki şəxslərə ümumilikdə 30 min laridən çox maddi ziyan dəyib.
Polis keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hakim qərarı əsasında altı azyaşlının hamısını təqsirləndirilən şəxs qismində saxlayıb.
İstintaq Cinayət Məcəlləsinin 177-ci, 178-ci və 19-178-ci maddələri ilə aparılır ki, bu da 8 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.