Tbilisidə etiraz aksiyası keçirilir - hüquq-mühafizə orqanları yolun hər iki tərəfini mühasirəyə alıb-VİDEO

Feb 2, 2025 - 16:54
 0  61

Tbilisi Mall yaxınlığında bu gün yeni bir etiraz aksiyası başlayıb. Aksiyanın iştirakçıları ölkədə təkrar seçkilərin keçirilməsini və son dövrlərdə etiraz aksiyalarında saxlanılan. şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Aksiya iştirakçıları arasında müxalifət siyasətçiləri də yer alır. 

Ətraf ərazidə polis qüvvələri cəmləşib, yolun hər iki tərəfi kordona alınıb. Aksiya iştirakçıları "Oligarxiyaya atəş!" və "Ədalət olmayacaq, sülh olmayacaq!" kimi şüarlar səsləndirirlər. 

Aksiyanın iştirakçıları, daha sonra, etirazlarını davam etdirmək üçün Gürcüstan Parlamentinin binasına doğru hərəkət etməyi planlaşdırırlar. Parlament qarşısında isə artıq 2 aydan çoxdur ki, etiraz aksiyaları keçirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyi, bu etiraz aksiyası ilə bağlı rəsmi bəyanat yayıb. Nazirlik bildirir ki, ictimai təhlükəsizliyin və hüquq qaydasının qorunması məqsədilə müvafiq polis bölmələri hər bir etiraz yerində cəmlənib. Nazirlik həmçinin qeyd edir ki, beynəlxalq əhəmiyyətə malik avtomobil yolları strateji və ya xüsusi əhəmiyyətli obyektlər hesab edilir. Buna görə də, bu obyektlərin bağlanması Cinayət Məcəlləsinin 222-ci maddəsi ilə cəzalandırılır. Bu cəza 2 ilə qədər həbs cəzasını nəzərdə tutur. Həmçinin, əgər bu cinayət qrup şəklində törədilərsə, 2 ilə 4 il arasında azadlıqdan məhrum edilmə cəzası tətbiq oluna bilər.

Daxili İşlər Nazirliyi aksiyanın təşkilatçıları və iştirakçılarına qanunla müəyyən edilmiş çərçivələrdə etirazlarını bildirməyə çağırır. Əks təqdirdə, polis qanuna uyğun olaraq tədbir görəcəyini açıqlayıb.

mənbə: interpress